Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Kərkənc kəndində keçirilib
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının qrafiq üzrə növbəti səyyar görüşü keçirilib.
Rayonun Kərkənc kəndində keçirilən səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayon prokuroru Müşfiq Səfərov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və qəsəbə sakinləri iştirak ediblər.
Qəbulda rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək respublikamızda aparılan islahatlar və bu sahədə hər bir kəsin üzərinə düşən vəzifələrdən danışıb.
Kərkənc kənd sakinləri kəndə gedən yolun bərpası və su qıtlığını əsas məsələ kimi vurğulayıblar. Vətəndaşlara bu məsələlərin yaxın gələcəkdə öz həllini tapacağı bildirilib.
Görüşdə sakinləri narahat edən digər məsələlər ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar yerlərdə sakinlərin müraciətlərinə baxılması üçün belə səyyar görüşlərin keçirilməsindən məmnunluqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.