Şamaxı rayonunun füsunkar Qızmeydan kəndində Aşıq İsgəndər Ağbabalının 100 illik yubileyinə həsr edilmiş “Elləroyuğu Yaylaq Festivalı” keçirilib
Qərbi Azərbaycanın Amasiya rayonunun Ağbaba-Şörəyel mahalının Elləroyuğu kəndindən 1988-ci ildə deportasiya olunaraq pənah gətirən soydaşlarımızın xeyli hissəsinin yaşadığı Şamaxı rayonunun füsunkar Qızmeydan kəndində Aşıq İsgəndər Ağbabalının 100 illik yubileyinə həsr edilmiş “Elləroyuğu Yaylaq Festivalı” keçirilib.
Qərbi Azərbaycan İcması Amasiya rayon və Elləroyuğu kənd icmalarının təşəbbüsü və birgə təşkilatçılığı ilə keçirilən bu tədbirin əsas məqsədi öz ata-baba yurdlarından didərgin düşənlərin qədim el-oba ənənələrini yaşatmaq, onların və varislərinin mənəvi birliyini təmin etmək və ölkə Prezidentinin Sərəncamı ilə həyata keçirilən Qayıdış Konsepsiyasına töhfə verməkdir.
Tarixi yaddaşımızın qorunması, soydaşlarımızın mədəni birliyinin möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən bu əlamətdar el bayramı və yubiley gecəsində Qərbi Azərbaycan İcması və Amasiya rayon təşkilatının bütün üzvləri, Elləroyuğu kənd camaatı və çoxsaylı qonaqlar iştirak edib.
Öncə Elləroyuğu kəndinin tarixi coğrafiyasını, milli-mədəniyyətini özündə əks etdirən nümunələrdən ibarət sərgi nümayiş olunub.
Daha sonra tədbirdə Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, professor Mahirə Hüseynova, Milli Məclisin deputatı Hikmət Babaoğlu, professor Aftandil Ağbaba və digər ziyalılar çıxış edərək tədbirin məqsədindən, Ağbaba-Çıldır Aşıq mühitinin tanınmış nümayəndəsi, ustad sənətkar Aşıq İsgəndər Ağbabalının yaradıcılığından danışıblar.
Tədbirdə Ağbaba-Şörəyel mahalını təmsil edən ifaçılar, aşıqlar öz zəngin repertuarları ilə tədbirdə iştirak edən 300-dən artıq qonağın istirahətinə rəng qatıblar.






