Şamaxı rayonunun Birinci Çaylı kəndində bu kənddən olan şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.
Abidənin açılışında Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hikmət Şikarov, Yeni Azərbaycan Partiyasının Şamaxı Rayon təşkilatının sədri Tural Qasımlı, din xadimləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərimizin qanını yerdə qoymadığını xüsusi qeyd edib, ordumuzun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordu birliyindən bəhs ediblər. Bildirilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğullarının əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Çıxış edən şəhid ailələri və ictimaiyyət nümayəndələri dövlət tərəfindən şəhid ailələri və müharibə əllillərinə daim diqqət və qayğı göstərildiyini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.