Şamaxı rayonunun 2 kəndinin elektrik şəbəkəsi yenidən qurulub
Şamaxı rayonunun 2 kəndinin - Zarat Xeybəri və Ərçiman kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub.
Rayonun Zarat Xeybəri kəndi dəniz səviyyəsindən 2430 metr hündürlükdə, rayon mərkəzindən 45 kilometr kənarda, çətin relyefli ərazidə yerləşir. Kəndin enerji təsərrüfatı 70 ildən çoxdur istismarda idi.
Yenidənqurma işləri nəticəsində Zarat Xeybəri kəndində 2 komplekt transformator məntəqəsi quraşdırılıb. 5 kilometrə yaxın 10 kilovoltluq, 6 kilometrə yaxın 0,4 kilovoltluq elektrik xəti tam yenilənib.
Ərçiman kəndində də 10 və 0,4 kilovoltluq elektrik xətləri ləğv edilərək 20 kilometrdən artıq yeni kabel xətti çəkilib. Kənddə 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb.
Hər iki kənddə abonentlərin sayğacları yenisi ilə əvəzlənib.
Xatırladaq ki, investisiya layihəsi regionlarda 100-dən çox kəndi əhatə edir.