Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonunda tələbə kreditlərinin verilməsi ilə əlaqədar maarifləndirici tədbir keçirilib

07 oktyabr 2022 | 08:54

Oktyabrın 6-da Şamaxı rayonunda tələbə kreditlərinin verilməsi ilə əlaqədar maarifləndirici tədbir keçirilib.

İki hissədə keçirilən tədbirin ilk hissəsi ADPU-nun Şamaxı filialında filialın müəllim və tələbə heyəti ilə, ikinci hissəsi isə Şamaxı rayon Mədəniyyət Mərkəzində Şamaxı və Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin müəllim və şagirdlərinin iştirakı ilə keçirilib.

Tədbirdən əvvəl Şamaxı Rayon İcra Hakimiyyətinin başçsı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədri Araz Paşayev və digər iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək ölkəmizdə təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb, təhsilin inkişafına yönəlik islahatlar və yeniliklərdən bəhs edib, 5 Oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə müəllimləri təbrik edib.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Tamam Cəfərova ilk öncə Vətən müharibəsində zəfər qazanan gənclərimizin vətənpərvərlik ruhunda yetişməsində müəllimlərin əvəzsiz rolu olduğunu qeyd edərək bütün müəllimləri peşə bayramları münasibətilə təbrik edib. Tamam Cəfərova cəmiyyətin inkişafında təhsilin müstəsna əhəmiyyəti olduğunu bildirərək bu günün savadlı şagirdi, tələbəsinin gələcəyin savadlı kadrı olacağını diqqətə çatdırıb. O, həmçinin hər bir gəncin ixtisas seçimini zamanında düzgün etməsini, istedadına və istəyinə uyğun sənətin arxasınca getməsini tövsiyə edib.

Daha sonra Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev çıxış edərək regionda məktəblilərin ali və orta ixtisas müəssisələrinə qəbul zamanı əldə etdiyi nailiyyətlər barədə danışıb, təhsilin inkişafı sahəsində son illər görülən işləri diqqətə çatdırıb.

Tədbirdə Təhsil Tələbə Kreditləri Fondunun idarə heyətinin sədri Araz Paşayev təqdimatla çıxış edib. O, Fondun yaradılması, fəaliyyəti, Fond tərəfindən bugünədək görülən işlər barədə ətraflı məlumat verib. Daha sonra təhsil tələbə kreditlərinə edilən güzəştlər, kreditlərin ödənilməsi, sosial və standart tələbə kreditləri haqqında sualları cavablandırıb.

Sonra Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının aparıcı mütəxəssisi Mikayıl Tağıyev çıxış edərək gənclərin ixtisas seçiminin gələcək inkişafları üçün əhəmiyyətindən danışıb, gənclər üçün dövlət tərəfindən yaradılmış hərtərəfli imkanları diqqətə çatdırıb.

Tədbir sonunda Şamaxı rayonunun ümumtəhsil müəssisələrinin bir neçə müəllimi təhsilin inkişafında səmərəli fəaliyyətinə görə, şəhid valideyni olan müəllimlər isə gənclərin vətənpərvərlik ruhunda yetişməsində xidmətlərinə görə Şamaxı Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edilmişlər.

Keçidlər