Şamaxı rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi anılıb
Şamaxıda 31 Mart - Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi anılıb.
Soyqırımı Günü ilə əlaqədar Şamaxı rayonunda anım tədbiri keçirilib. Rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivlərinin, eləcə də rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə soyqırım abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.
XX əsrdə Azərbaycanlılara qarşı törədilən bir neçə kütləvi qırğın nəticəsində minlərlə soydaşlarımız qətlə yetirilib, dogma torpaqlarından didərgin düşüblər. 1918-ci ildə erməni-daşnak qüvvələri tərəfindən ölkəmizin bir çox bölgələrindəki kimi həyata keçirdikləri qanlı hadisələr zamanı Şamaxının da 58 kəndində 8 027 nəfər (4190 nəfəri kişi, 2560 nəfər qadın, 1277 nəfər uşaq) dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib. Şamaxı şəhərində 13 məscid, o cümlədən Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi yandırılıb.
Ümummilli Lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanında bu hadisələrə siyasi qiymət veriliərək 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib. Hər il bu tarixdə ölkəmizdə soyqırım qurbanlarının əziz xatirəsi ehtiramla yad edilir.