Şamaxı rayonunda "2025-ci ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Şamaxı rayonunda "2025-ci ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir. Müşavirədə Şamaxı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının qərargah rəisləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov 2025-ci il ərzində mülki müdafiə və fövqəladə hallarla bağlı görülmüş işlərə toxunmuş, əldə olunmuş nəticələri qeyd etmiş, mövcud nöqsanların aradan qaldırılması və 2026-cı ildə qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrasının vacibliyini vurğulamışdır. O, aidiyyəti qurumlar arasında qarşılıqlı əlaqənin gücləndirilməsinin və yerli icra strukturlarının məsuliyyətinin artırılmasının önəmini xüsusi qeyd etmişdir.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin Mülki müdafiə hazırlıq şöbəsinin rəisi Sarvan Əsədov çıxış edərək mülki müdafiə sənədlərinin hazırlanması və icra vəziyyəti, əhalinin fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması, keçirilən təlim və məşqlərin əhəmiyyəti barədə ətraflı məlumat vermiş, mövcud problemlər və onların həlli yolları ilə bağlı tövsiyələrini iştirakçıların diqqətinə çatdırmışdır.
Çıxışlar zamanı normativ-hüquqi aktların tələblərinə ciddi riayət olunmasının, maarifləndirmə tədbirlərinin genişləndirilməsinin və vətəndaşlarla işin daha da təkmilləşdirilməsi vurğulanmışdır.
Toplantının sonunda 2026-cı il üçün prioritet istiqamətlər müəyyən edilmiş, iştirakçılara müvafiq tapşırıq və tövsiyələr verilmiş, rayon icra hakimiyyətinin qərargah rəisi Yasin Fərhadov mülki müdafiə sənədlərinin icrasında, eləcə də keçirilən təlim və məşqlərin təşkilində fəal iştirak etdiyinə görə Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən fəxri fərmanla təltif olunmuşdur.






