Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı məktəblisi III ixtisas qrupu üzrə respublika səviyyəsində ən yüksək nəticəni toplayıb

26 iyul 2022 | 09:18

Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticəyə görə, lll ixtisas qrupu üzrə respublika səviyyəsində ən yüksək nəticəni toplayan şagirdin adı açıqlanıb. Şamaxı şəhər sakini Nərmin Vahid qızı Fərzaliyeva hər iki imtahanın toplam nəticəsi olaraq 666.6 balla builki rekorda imza atıb.

Nərmin Şamaxı şəhər 1 nömrəli tam orta məktəbin yetirməsidir. Hələ uşaq vaxtlarından hüquqşünas olmaq, insanlara yardım etmək istəyib. Amma seçdiyi ixtisasa yiyələnmək üçün o, çox çalışmalı, yüksək nəticə göstərməli idi. Belə də olur. Hədəfinə çatmaq üçün qəhrəmanımız illərcə gecəsini gündüzünə qataraq çalışıb, özünü təkmilləşdirib. Nərmin deyir ki, yüksək nəticə toplayacağını bilirdi, amma respublika birincisi olacağını gözləmirdi.

Nərmin ilk imtahanda 653.3 bal toplayıb, lakin bu nəticə onu qane etmədiyindən imtahanın yay mərhələsində də iştirak edərək rekord uğuruna imza atıb. Təbii ki, 666.6 bal toplamaq üçün illərin zəhməti lazımdır. Bildirir ki, ali məktəbə hazırlaşarkən sosial şəbəkələrdən çox az istifadə edir, şənliklərdən uzaq qaçırdı. İstirahət üçün ayırdığı zamanlarında belə dərs oxuyurdum. Yaşıdlarına da yüksək nailiyyət əldə etmək üçün planlı şəkildə çalışmağı tövsiyə edir.

Bu uğur, demək olar ki, bütün Fərzaliyevlər ailəsinin uğurudur. Nərminin valideynləri ilə yanaşı, qohumları, rəfiqələri də onun nailiyyətinə sevinir, sevincinə şərik olurlar. Sınaq imtahanlarında da yüksək nəticələr göstərdiyindən Şamaxı Rayon Təhsil Şöbəsinin də diqqətindən yayınmayan Nərmin dəfələrlə müəllimləri və məktəb rəhbərliyi tərəfindən təşəkkürnamələrə layiq görülüb.

Qeyd edək ki, Nərmin Fərzaliyeva XI sinfin yekun qiymətlərinə və buraxılış imtahanı nəticələrinə əsasən fərqlənmə attestatına da layiq görülüb.

Keçidlər