"Şamaxı" futbol klubunun yeni heyətdə ilk iclası keçirilib
Avqustun 4-də "Şamaxı" futbol klubunun yeni heyətdə ilk iclası keçirilib, klubun yeni loqosu təqdim edilib.
Təqdimat mərasimində çıxış edən "Şamaxı" klubunun idarə heyətinin yeni sədri Elçin Usub klubun yeni brendini təqdim edib və bu haqda media nümayəndələrinə məlumat verib.
Klubun idarə heyətinin sədri deyib: "Bildiyimiz kimi, Şamaxı deyərkən ağıla iki şey gəlir. Bunlar Azərbaycan tarixində önəmli yer tutan və yeddi əsr fəaliyyət göstərmiş Şirvanşahlar dövləti, Şamaxı Rəsədxanasıdır. Bütün bunlar klubun loqosunda öz əksini tapıb".
“Bölgələrdə futbolun inkişafına dəstək, Şamaxı şəhər stadionunun səmərəli və müntəzəm şəkildə istismarı, azarkeş marağının artırılması məqsədilə işlər görüləcək”, - deyə E.Usub vurğulayıb.
O, klubun gələcək perspektivləri haqqında da danışıb: "Klub yeni qurulduğu üçün ciddi uğurlardan danışmaq hələ tezdir. Biz işimizi addım-addım görəcəyik. İş prinsiplərimizi yeniləyəcəyik. Bütün bunlara baxmayaraq, problemlərimiz var. Klubun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də ciddi işlər görülür və görüləcək. Bundan sonra konkret hədəflər müəyyən ediləcək".
Daha sonra "Şamaxı" futbol klubunun cari mövsümdə çıxış edəcək futbolçuları, məşqçiləri və idarə heyəti təqdim edilib.