Rayonun Quşçu kəndində qonşu kənd sakinlərinin də iştirakı ilə "Erkən nikah və məişət zorakılıqları"na həsr olunmuş maarifləndirici tədbir keçirilib
24 noyabr 2022-ci il tarixində Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonunun Quşçu kəndində “Erkən nikah və qohumlar arasında nikahın fəsadları”, “Məişət və gender zorakılğı” və “Uşaqlara qarşı zorakılıq” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini - Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Mehriban Eyubova, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazisi Mərəhməd Mustafayev, rayonun hüquq-mühafizə orqanlarının və Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin nümayəndələri, Quşçu, Birinci Çaylı və Dağ Bağırlı kənd sakinləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Mehriban Eyubova Azərbaycan ailəsinin özünəməxsusluğu, yüksək mənəvi dəyərlərə bağlılığı ilə seçildiyini, möhkəm təməl prinsipləri üzərində qurulduğu barədə danışıb, buna baxmayaraq erkən nikah faktlarının statistikasını, nikaha cəlb olunmuş qızların cəmiyyətdən təcrid olunmasını, savadsızlığını, məlumatsızlığını vurğulayaraq bu məsələnin cəmiyyətimizdə hələ də aktual olduğunu qeyd edib. Həmçinin natiq çıxışında son illər rayonda bu istiqamətdə görülmüş profilaktiki tədbirlərdən geniş söhbət açıb.
Tədbirdə çıxış edənlərdən Mərəhməd Mustafayev İslam dinində qadına və təhsilə verilən mənəvi dəyərlərdən, Şamaxı Rayon Prokurorluğunun böyük müstəntiqi Teymur Mövsümov və İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev isə qadın azadlıqlarını məhdudlaşdıran və zorakılığa yol açan ən böyük bəlalardan biri kimi erkən nikah və qeyri-rəsmi evliliklərin olduğundan danışıblar. Çıxışlar zamanı həmçinin boşanmalar zamanı valideynlərin öhdəlikləri, ölkə qanunlarına əsasən evlilik yaşının 18 yaş olduğu üçün qanuna zidd hallarda nəzərdə tutulan cəza tədbirləri barədə məlumat verilib.
Sonra Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya şöbəsinin müdiri Sevinc Əfəndiyeva çıxış edərək erkən yaşda şəxslərin ailə qurmağa fizioloji və psixoloji cəhətdən hazır olmadıqlarını, bu cür halların məişət zorakılığı, boşanmalar, doğuş zamanı ana-uşaq ölümləri, yaxın qohumlar arasında olan nikahlar zamanı xəstə uşaqların doğulması kimi bir çox aktual problemlərə yol açdığını vurğulayıb.