Rayonun Hacıqədirli kənd sakinləri ilə növbəti səyyar qəbul keçirilib
Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Hacıqədirli kənd sakinləri ilə keçirilib.
Səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Hacıqədirli kənd sakinləri iştirak ediblər.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.
Qəbul zamanı Hacıqədirli kənd sakinləri tərəfindən əsasən kənddən keçən su kanalının üzərində keçidlərin quraşdırılması, qış mövsümü ilə əlaqədar qaz təchizatının yaxşılaşdırılması və elektrik enerjisi təsərrüfatının yenilənməsi ilə bağlı müraciətlər səslənib. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.






