Şriftin ölçüsü :

Saytın rəngi :

Novruzun gəlişi Şamaxıda yüksək əhval-ruhiyyə ilə qarşılanır

16 mart 2023 | 18:30

Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini təqdim edən ən əziz bayramı Novruzun gəlişi Şamaxıda yüksək əhval-ruhiyyə ilə qarşılanır.

Bayram münasibətilə Şamaxı şəhəri Novruz atributları ilə bəzədilib, rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında geniş tədbir təşkil olunub.

Tədbirdə rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə parkda şəhər İncəsənət Təhsili Mərkəzinin və məktəb şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Təbiətin oyanışını bildirən səməni və digər novruz atributları ilə əsl bayramsayağı bəzədilən parkda xalqımıza məxsus qədim məişət əşyaları və sənət nümunələrinin nümayiş olunduğu sərgilər,  o cümlədən bişirilən müxtəlif çeşidli milli yemək növləri maraqla qarşılanıb. Corab toxuyan, yun darayan, cəhrə əyirən, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənətini bir daha yada salıblar.

Bayram tədbirində ənənəyə uyğun olaraq tonqal qalanıb.
Daha sonra bayram şənliyində xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırılıb. İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirib, rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa ediblər.

Tədbir iştirakçılarda əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Keçidlər