"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2025-2030 illər üçün Dövlət Proqramı"nın icrası məqsədilə maarifləndirici tədbir keçirilib
28 iyul 2026-cı il tarixdə Şamaxı şəhər 2 saylı tam orta məktəbin inzibati binasında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Şamaxı rayon Komissiyasının təşkilatçılığı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2025-2030 illər üçün Dövlət Proqramı"nın icrası məqsədilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Şamaxı rayon komissiyasının sədri, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini, rayon təhsil müəssisələrinin psixoloqu, müəllim heyəti və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Rayon komissiyasının sədri Hikmət Şikarov tədbiri giriş nitqi ilə açıq elan edərək Dövlət Proqramının icrası məqsədilə təhsil müəssisələrində çalışan müəllimlərin, psixoloqların və valideyn şurasının üzvlərinin diqqətini bir daha bəşəriyyət üçün ciddi təhlükə hesab olunan narkomaniya probleminə yönəldilməsinin əhəmiyyətini vurğulayaraq, bu sahədə mövcud vəziyyətin müzakirə olunması və profilaktik tədbirlərin daim diqqət mərkəzində saxlanılmasını qeyd etdi.
Tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov Narkomaniyanın doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar, mövcud problemlər və onların aradan qaldırılması yolları barədə ətraflı məlumat verdi.
Eyni zamanda tədbirdə iştirak edən Şamaxı şəhər 2 saylı tam orta məktəbin direktoru İsgəndər Həsənov bu cür profilaktik və maarifləndirici tədbirlərinin keçirilməsinin önəmini vurğuladı.






