Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurama Festivalı çərçivəsində Şamaxıda tədbir keçirilib

19 avqust 2022 | 14:12

2020-ci ildən başlayaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə Azərbaycanın qədim tarixi köklərə və ənənələrə bağlı sənətkarlıq növlərindən olan "Qurama" sənətinin yenidən bərpa olunmasına start verilib.

Layihənin həyata keçirilməsində əsas məqsəd XX əsrin əvvəllərinə qədər geniş istifadə olunan, lakin keçən zaman ərzində bəzi ənənəvi sənət növləri kimi unudulmaq təhlükəsi yaşayan "Qurama" sənətinə yeni həyatın verilməsidir.

Azərbaycanda ilk dəfə olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Milli Qurama Festivalına start verilib.

Festival çərçivəsində 19 avqust 2022-ci il tarixində Azərbaycanımızın qədim sənətkarlıq şəhərlərindən olan Şamaxıda rayon icra hakimiyyətinin və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubova tədbir iştirakçılarını salamlayaraq qədim sənət növü olan quramanın yaşadılmasında və gələcək nəsillərə ötürülməsində bu kimi tədbirlərin əhəmiyyətini vurğuladı.

Tədbirdə çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədrinin müşaviri Səbuhi Qurbanov “Qurama” sənətinin tarixi, onun milli adət-ənənələrimizdəki rolundan geniş söhbət açaraq festval çərçivəsində görülmüş işlərdən danışdı.

Sonra tədbir iştirakçıları “Qurama” sənətinə həsr olunmuş sərgiyə baxış keçirmiş, tədbir çərçivəsində təşkil olunmuş usta dərslərində iştirak etmişlər.

Keçidlər