İyunun 17-18-də Azərbaycanda ilk Hava Şarları Festivalı (Balloon Festival) keçirilib
İyunun 17-18-də Azərbaycanda ilk Hava Şarları Festivalı (Balloon Festival) keçirilib.
Festival zamanı qonaqlar üçün əyləncə proqramları, müxtəlif mövzularda ustad dərsləri də təşkil olunub.
Əvvəlcə layihənin təqdimatı keçirilib, hava şarları, uçuş barədə məlumat verilib.
İyunun 17-də nümayiş uçuşu, iyunun 18-də səhər saatlarında isə qonaqların iştirakı ilə festivalın əsas uçuşları olub.
Festivalın rəsmi açılışı mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonun artıq açıq hava festivalları şəhərinə çevrildiyini bildirib.
“Şamaxı ilk dəfə üzümçülük və şərabçılıq festivalına ev sahibliyi etmişdi. İndi isə Azərbaycanda ilk dəfə olaraq Hava Şarları Festivalının Şamaxıda olması bizi sevindirir. Bu da turizm sektorunda inkişafın bir göstəricisi hesab oluna bilər. Şamaxı hazırda turizm sektorunun inkişafı ilə fərqlənir”, - deyə T. Məmmədov vurğulayıb.
Sonra çıxış edən "EZONE” şirkətinin nümayəndəsi Salman Rəsulov bildirib ki, hava şarı gəzintiləri dünyanın hər yerində böyük maraqla qarşılanır. Hava Şarları Festivalını keçirməkdə əsas məqsəd turizmin inkişafına töhfə verməkdir. O əlavə edib ki, festivalla bağlı təhlükəsizlik tədbirləri ən prioritet məsələlərdən biridir. Tezliklə kommersiya uçuşlarının həyata keçirilməsi üzərində iş gedir. Təşkilat Komitəsinin məlumatına görə, uçuşların gələcəkdə də davam edib-etməməsi və kommersiya uçuşlarının qarşıdakı illərdə həyata keçirilməsi məsələsi layihəyə maraqdan asılı olacaq. Qeyd edilib ki, uçuşlar peşəkar xarici pilotlar tərəfindən həyata keçirilir.
Türkiyəli mütəxəssis Halis Aydoğan festivalda iştirak etməkdən qürur duyduğunu bildirib. Deyib ki, Şamaxının gələcəkdə hava şarlarının uçuşu üçün uyğun məkana çevriləcəyinə inanır. Turizmin inkişafı baxımından Hava Şarları Festivalı ilə Şamaxıda ilk addımların atıldığı diqqətə çatdırılıb.
Festival çərçivəsində jurnalistlərin suallarını cavablandıran Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann Azərbaycanı Hava Şarları Festivalına ev sahibliyi etdiyinə görə təbrik edib. "Bu tədbir çox gözəl fürsətdir ki, Azərbaycanın bütün gözəlliyini dünyaya nümayiş etdirsin. Şamaxıda bu gün hava çox gözəldir və gələn hər kəs çox əylənir. Bir daha təbriklərimi çatdırır və festivala uğurlar arzu edirəm",- deyə Ralf Horlemann vurğulayıb.
Festival barədə təəssüratlarını jurnalistlərlə bölüşən İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib ki, bu gün Azərbaycan üçün çox xoş gündür. Çünki Azərbaycan belə möhtəşəm tədbirə ev sahibliyi edir, ilk dəfə Hava Şarları Festivalı keçirir.
“Burada valideynləri, uşaqları və gəncləri görürəm. Festivalda müxtəlif yaşlarda və bütün millətlərdən insanlar iştirak edir. Mən bu tədbirə dəstək göstərən Heydər Əliyev Fonduna və digər qurumlara təşəkkürümü bildirirəm", - deyə diplomat vurğulayıb.
Layihəyə dəstəyi Azərbaycan Dövlət Turizm Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Dövlət Mülki Aviasiya Agentliyi, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) və Heydər Əliyev Fondu göstərib.
Azərbaycandakı hava şarları layihəsi üzrə hazırlıqlar iki il davam edib. Festivaldakı hava şarları Böyük Britaniya və Türkiyədə hazırlanıb, öz maraqlı dizaynları ilə diqqətləri çəkib.
Festival çərçivəsində tanınmış ifaçıların iştirakı ilə konsert proqramı da təşkil edilib. Xalq artistləri Faiq Ağayev, Miri Yusif, Əməkdar artist Lalə Məmmədova, Dilarə Kazımova, Eldar və Nigar, həmçinin digərləri izləyicilərin qarşısına hit mahnılarla çıxıblar.
Festivalın əyləncə proqramına həm uşaqlar, həm də böyüklər üçün müxtəlif mövzulara dair ustad dərsləri daxil edilib. İştirakçılar gildən fiqurların hazırlanması, rəngkarlıq, kukla teatrı, stolüstü oyunlar, toxuculuq və digər sahələr üzrə ustad dərslərində iştirak imkanı qazanıblar. Beləliklə, qonaqlar hava şarlarının uçuşunu izləməklə yanaşı, həm də maraqlı və əyləncəli həftəsonu keçiriblər.
Festivala Şamaxı və qonşu rayonlardan Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin övladları da dəvət alıblar. Onlar festival ərazisində təşkil olunan əyləncəli proqramlarda iştirak edib, hava şarlarının uçuşunu izləyiblər. Qəhrəman şəhidlərimizin övladları üçün nahar təşkil edilib, hər birinə hədiyyələr təqdim olunub.
Hava şarlarında uçuş unudulmaz təəssürat üçün gözəl fürsətlərdən biridir. Hər il dünyanın müxtəlif ölkələrində hava şarları festivalları keçirilir və turistlər məhz bu uçuşların aparıldığı yerlərə səfər edirlər.
Məşhur Hava Şarları Festivalı sırasında olan və ABŞ-ın Albukerke şəhərində keçirilən festival ilk dəfə 1972-ci ildə baş tutub. Bu tədbir minlərlə iştirakçını cəlb edib və ABŞ-da ən böyük əyləncələrdən birinə çevrilib. Hava şarları ilə uçuşlar hazırda Avstraliyanın Kanberra, Böyük Britaniyanın Bristol, İsveçrənin Şato-Do, İspaniyanın İgualada, Kanadanın Kvebek, Rusiyanın Velikiye Luki, Türkiyənin Kapadokiya şəhərlərində və digər yerlərdə təşkil edilir.