Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Şamaxıda vətəndaşların müraciətlərini dinləyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Şamaxıda vətəndaşları qəbul edib və müraciətlərini dinləyib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən xəbərə görə, Şamaxı rayonunda keçirilən qəbulda həmin rayonla yanaşı, Qobustan və Ağsudan olan 20-yə yaxın sakin iştirak edib. Qəbul zamanı imtiyazlı şəxslər agentliyin fəaliyyət istiqamətlərinə aid müraciətlərini bildiriblər. Agentlik sədri müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verib. Səsləndirilən müraciətlər sırasında fərdi ev, avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminat və sosial reabilitasiya xidmətləri üstünlük təşkil edib.
Bu ilin may ayından etibarən mütəmadi olaraq hər həftə həyata keçirilən və 40-a yaxın rayonu əhatə edən qəbullarda 500-ə yaxın şəxsin müraciəti dinlənilib.