Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 19-da Şamaxıda Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.
Qəbuldan əvvəl Komitə sədri Mübariz Qurbanlı və Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər.
YAP rayon təşkilatının inzibati binasında keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Qəbul zamanı Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müraciətlər cavablandırılıb, qaldırılan məsələlərin həlli ilə əlaqədar müvafiq şəxslərə konkret tapşırıqlar verilib.
Daha sonra M.Qurbanlı Vətən Müharibəsi şəhidi Yusif Asif oğlu Əliyevin ailəsini ziyarət edib. Ziyarətə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini H.Şikarov və digər rəsmi şəxslər də qatılıblar. Ziyarət edənlər şəhidin xatirəsinə ehtiram əlaməti olaraq təşkil olunan guşəyə baxış keçirib, ailə üzvlərinin istək və arzuları ilə maraqlanıblar.