Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 12-də Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Tədbirdən əvvəl qonaqlar Ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Elm və Təhsil Nazirinin müavini İdris İsayev və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ölkəmizdə həyata keçirilən təhsil siyasəti, qabaqcıl dünya təhsil sistemlərinə inteqrasiya, bu sahədə müasir infrastruktur və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsi məsələlərinə toxunublar.
2022–2023-cü tədris ilinin yekunlarına dair hesabat çıxışı edən Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev görülmüş işlər və əldə edilmiş nailiyyətlər, eləcə də yeni dərs ilində qarşıda duran vəzifələr barədə məlumat verib.
Konfransda həmçinin bir sıra məktəb və bağçaların müəllim, tərbiyəçi-müəllimləri və məktəb direktorları ötən tədris ilində əldə etdikləri nailiyyətlərə görə mükafatlandırılıblar.