“Azəriqaz”ın baş direktoru qazlaşdırılma işləri ilə tanış olub
“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ilə birgə rayonun Zarat Xeybəri kəndində qazlaşdırılma işləri ilə tanış olub.
İB-dən bildirilib ki, çətin relyef şəraitində yerləşən kəndin qazlaşdırılması üçün əraziyə çox sayda maşın-mexanizmlər, işçi qüvvəsi cəlb edilib. Baş direktora məlumat verilib ki, layihəyə əsasən 8730 metr polietilen, 4394 metr uzunluğunda polad borunun çəkilməsi nəzərdə tutulub. Artıq işin bir hissəsi icra olunub. Belə ki, 3542 metr polietilen, 3500 metr uzunluğunda isə polad borunun çəkilişi yekunlaşıb.
Baş direktor görülən işlərin daha da sürətli şəkildə icra olunması ilə bağlı tapşırıq verib. Daha sonra Birlik rəhbəri “Azəriqaz”da faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə bir qrup əməkdaşı fəxri fərman və hədiyyə ilə mükafatlandırıb.