Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib

19 oktyabr 2023 | 17:05

19 oktyabr 2023-cü il tarixində ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə, eyni zamanda ilk Qadın Qurultayının 25 illiyinə həsr olunan Azərbaycan Qadınlarının VI Qurultayı baş tutub.

Qurultaydan öncə iştirakçılar Fəxri Xiyabanı ziyarət edib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edib, məzarları önünə gül dəstələri düzüblər.

Qurultayın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə “Heydər Əliyev və dövlət qadın siyasəti” haqqında film nümayiş edilib.

İlk öncə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva cənab Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu səsləndirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dövlət qadın siyasəti ilə bağlı məruzə ilə çıxış edib. O, aparılacaq müzakirələrin, qəbul ediləcək qərarların bu sahədə töhfə verəcəyinə inamını bildirib və qurultayın işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov çıxış edərək Azərbaycan qadınlarının cəmiyyətdə müstəsna rola malik olduğunu və dövlət qadın siyasətində əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ənənələrinin bu gün də davam etdiyini qeyd edib.

Açılış mərasimindən sonra qurultay panel müzakirələri ilə davam edib.

Sonda qurultay iştirakçıları tərəfindən Azərbaycan qadınları adından ölkə başçısına olan yüksək etimad və inamını ifadə edən müraciət səsləndirilib və  gələcək hədəfləri özündə əks etdirən Qətnamə qəbul edilib.

Ölkəmizin bütün rayonlarından nümayəndələr olmaqla 600 iştirakçının qatıldığı qurultayda Şamaxını rayon icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubova və ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova təmsil ediblər.

Qurultay bədii proqramla başa çatıb.

Keçidlər