Azərbaycan Ağsaqqallar Şurasının Şamaxı rayon təşkilatının hesabat konfransı keçirilib
İyun ayının 5-də Şamaxı rayon Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirilib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimovun iştirakı ilə keçirilən tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, rayon ağsaqqalları, ziyalıları, şəhid ailələrinin üzvləri və qazilər, o cümlədən digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Konfransda Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimovu və digər tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı dəyərli xidmətlərindən, eləcə də dövlətimiz tərəfindən yaşlı nəslin nümayəndələrinə göstərilən qayğıdan söz açıb. Gənc nəslin mili və vətənpərvərlik ruhunda formalaşmasında, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara daim böyük ehtiyacın olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb, konfransın işinə uğurlar arzulayıb.
Sonra Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanovun hesabat məruzəsi dinlənilib. Məruzədə rayon Ağsaqqallar Şurasının son dövr ərzindəki fəaliyyətlərindən ətraflı bəhs edilib, keçirilən görüşlərdən, gənclərlə aparılan maarifləndirici işlərdən, şəhid ailələrinə və qazilərə göstərilən maddi və mənəvi dəstəkdən söz açılıb. Vurğulanıb ki, rayon ağsaqqalları öz bilik və bacarıqlarını əsirgəməyərək gələcək fəaliyyətlərini daha yüksək səviyyədə quracaqlar.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdıraraq, onları qarşıdan gələn Qurban bayramı və Qurtuluş Günü münasibətilə təbrik edib. Daha sonra öz çıxışında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin inkişafı və daha da güclənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən və bu işlərdə ağsaqqalların əhəmiyyətli rolundan danışıb. Natiq, həmçinin, müasir Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən ətraflı söz açaraq bildirib ki, məhz dahi şəxsiyyətin müdrikliyi və qətiyyəti sayəsində ölkəmiz parçalanmaqdan xilas oldu və dayanıqlı inkişaf yoluna çıxdı. Hazırda bu tərəqqi yolunu Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev yüksək səviyyədə davam etdirir. Eldar İbrahimov dövlət başçısının uğurlu Çin səfərindən, səfər zamanı keçirilmiş səmərəli görüşlərdən, eləcə də Azərbaycan, Türkiyə, Pakistan arasında qurulan yaxın dostluq, qardaşlıq münasibətlərindən də bəhs edib. Dinamik inkişaf yolu keçən Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artdığını vurğulayıb. Sonra natiq cəmiyyətimizdəki bəzi problemlərə də toxunub. Boşanma hallarının artmasından, erkən nikahlardan və zərərli vərdişlərə aludəçiliyin genişlənməsindən söz açan Eldar İbrahimov bildirib ki, cəmiyyətimizdə mövcud olan bu problemlərə qarşı hər bir vətəndaş, xüsusilə ağsaqqallar öz maarifləndirici fəaliyyətləri ilə daha ciddi mübarizə aparmalıdırlar. Gender bərabərliyindən də danışan natiq Azərbaycan qadınının tarixin bütün mərhələlərində mənəvi-əxlaqi keyfiyyətləri ilə seçildiyini və milli-mənəvi dəyərlərimizin formalaşdırılmasında müstəsna rol oynadığını vurğulayıb. Yerli təşkilatın üzvlərinin sıralarının nüfuzlu, ictimai fəal qadınlarla artırılmasının çox əhəmiyyətli olduğunu bildirib. Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov ağsaqqallara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfransda digər natiqlər də çıxış edərək rayonun Ağsaqqallar Şurası tərəfindən hesabat dövrü ərzində həyata keçirilən işlərdən, müxtəlif görüş və tədbirlərdə onların fəallıq göstərmələrindən danışıblar və ağsaqqalların işinə yüksək qiymət veriblər.
Hesabat konfransında bəzi təşkilati məsələlər də müzakirə olunub. Səvermə yolu ilə rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə 2 nəfər qadın üzv seçilib.
Tədbirdə, həmçinin, Eldar İbrahimov ölkəmizin ictimai-siyasi və mədəni həyatında, Şuranın işində uzunmüddətli səmərəli fəaliyyəti ilə xalqımıza, Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə və 85 illik yubileyi münasibətilə Mayıl Alıcanovun “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edildiyini vurğulayaraq onu yubilyara təqdim edib. Şamaxının nüfuzlu ziyalısı, müdrik el ağsaqqalı Mayıl Alıcanova Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin təbriklərini çatdırıb.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov ağsaqqallara göstərilən yüksək etimada, diqqət və qayğıya görə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə və İdarə Heyətinin üzvlərinə dərin minnətdarlıqlarını bildiriblər.