"Anım Günü- Milli Qürur Günümüzdür!" mövzusunda tədbir keçirilib
Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı ilə Anım Gününün beşinci ildönümünə həsr olunmuş "Anım günü- Milli Qürur Günümüzdür!" mövzusunda tədbir keçirilib.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca "27 sentyabr- Zəfərin başlanğıcı" adlı film nümayiş olunub.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, şəhid Orxan Nəbiyevin atası Rza Nəbiyev, universitetin Sosial və xüsusi fənlər kafedrasının dosenti Sübhan Talıblı, universitetin Pedaqogika və psixologiya kafedrasının müəllimi, ehtiyatda olan zabit Aydın Adilxanov, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazisi Mərəhməd Mustafayev, 27 Sentyabr tarixinin xalqımızın azadlıq və ədalət uğrunda göstərdiyi mübarizənin, əzmkarlığın və qəhrəmanlığın simvoluna çevrildiyini vurğulayıblar. Natiqlər xalqımızın mərd, vətənpərvər və yenilməz ruhunun təcəssümü olan, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin şücaəti və fədakarlığından söhbət açıblar, onların adlarının daim uca tutulacağını bildiriblər.
Tədbirin bədii hissəsində İbtidai sinif müəllimliyi ixtisasının tələbəsi Günay Həsənova və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbəsi Qəfər Sadıqov Mahirə Nağıqızının müəllifi olduğu “Salam olsun!” şeirini səsləndiriblər.






