Şriftin ölçüsü :

Saytın rəngi :

İlk dəfə Şamaxı rayonunda hazırlanan layihə beynəlxalq müsabiqədə 1-ci yerə layiq görüldü

18 may 2021 | 16:00

İlk dəfə Şamaxı rayonunda hazırlanan layihə beynəlxalq müsabiqədə 1-ci yerə layiq görüldü.
   Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan rəqəmsal layihə beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb.Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən "İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2021 Mükafatları” (WSIS Prizes -2021) bu gün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində öz sahiblərinə təqdim olunub (Beynəlxalq onlayn konfransda).“WSIS Prizes – 2021” müsabiqəsinə Azərbaycanla yanaşı dünyanın bir çox ölkəsindən 1270 elektron layihə təqdim olunub. Ekspertlər qrupu tərəfindən nəzərdən keçirilən bu layihələrdən 360-ı uğurlu hesab edilərək müsabiqədə iştiraka buraxılıb. 18 nominasiya üzrə onlayn səsvermə əsasında keçirilən müsabiqə nəticəsində 90 "Çempion layihə” və 18 “qalib layihə” seçilib.
   Müsabiqəyə Azərbaycandan “E-hökumət” kateqoriyası üzrə vətəndaşlar və dövlət qurumları arasındakı mövcud münasibətlərdəki problemlərin həlli üçün Şamaxı Rayon İcra Hakimiyyətinin təklifləri əsasında  Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan “Vətəndaşların Elektron Müraciətləri Sistemi -  www.e-qebul.az" layihəsi təqdim edilib. 2020-ci ilin sentyabr ayından Şamaxı rayonunda tətbiq olunan bu layihə öz kateqoriyası üzrə səsvermədə 1-ci yerə layiq görülüb. Beynəlxalq müsabiqədə qalib olan bu rəqəmsal həll vətəndaşlara dövlət qurumlarına fiziki olaraq getmədən onlayn şəkildə müraciət ünvanlamaq imkanı verir.
   Şamaxı rayonunda bütün müvafiq dövlət qurumlarının və xidmət sahələrinin qoşulduğu sistemə bu günədək 1200-dən çox vətəndaş müraciət etmişdir. Qeyd edək ki, sistemə istənilən sayda dövlət qurumunun inteqrasiyası mümkündür. Bu da dövlət xidmətlərinə əlçatanlığı və operativliyi təmin edir, həmçinin bürokratik əngəllər kimi problemləri həll edir. Eyni zamanda yeni yaradılmış sistem qurumların fəaliyyətindəki hesabatlılığı təmin edir və mərkəzi icra hakimiyyəti orqanları yerlərdə vətəndaşlarla dövlət qurumları arasındakı münasibətləri real vaxt rejimində izləyə bilir.
   Sistemin özəlliklərindən biri də vətəndaşların istənilən vaxt elektron kabinetlərinə daxil olaraq müraciətlərinin statusunu izləyə bilməsidir. Məsələn, vətəndaş səhhəti, təhsili, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, fərdi təsərrüfatı və s. ilə bağlı müraciətini sistemə daxil etdikdən sonra rayon icra hakimiyyəti ilə koordinasiyalı şəkildə aidiyyəti qurumlar tərəfindən müraciətin araşdırılması həyata keçirilir, həlli istiqamətində iş aparılır və vətəndaş bu barədə məlumatlandırılır.
İstifadəyə verilən elektron müraciət sistemi Şamaxı Rayon İcra Hakimiyətinin rəsmi internet səhifəsinin "Elektron müraciət" bölməsində yerləşdirilib. Əgər vətəndaşın onlayn müraciət sisteminə daxil olmaq imkanı yoxdursa, bu zaman  Rayon İcra Hakimiyyəti yanında yaradılmış ofisə gələrək müraciətini sistem üzərindən könüllülərin dəstəyi ilə ünvanlaya bilər.

Keçidlər