Şamaxının Göylər kəndində Vətən müharibəsi şəhidinin adını daşıyan bulağın açılışı olub
Şamaxı rayonunun Göylər kəndində Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhid Rza Məmmədovun adını daşıyan bulağın açılışı olub.
Tədbirdə Milli Məclisin Şamaxı rayonundan olan deputatı Tamam Cəfərova, rayon ictimaiyyətinin nümayəndələri, Rza Məmmədovun valideynləri və Göylər kəndinin sakinləri iştirak ediblər.
Tamam Cəfərova qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində Zəfər qazanaraq torpaqlarımızın işğalına son qoyub. Böyük Qələbə dövlətimizin başçısı da vurğuladığı kimi, şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı sayəsində qazanılıb.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri də şəhid ailələrinə diqqət və qayğının göstərilməsi, onların problemlərinin diqqətdə saxlanılmasıdır. Vətən uğrunda canından keçən şəhidlərimizin ailələrinə, qazilərimizə, həmçinin torpaqlarımızın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən bütün döyüşçülərimizə dövlət tərəfindən diqqət və qayğı göstərilir.
Bildirilib ki, xalqımız da şəhidlərin xatirəsini hər zaman uca tutur, şəhid ailələrinə hər zaman diqqət və qayğı ilə yanaşır. Şəhidlərin xatirəsinin uca tutulması xalqımızın tarixən formalaşdırdığı milli-mənəvi dəyərlərin mühüm tərkib hissəsidir.