Tatarların “Sabantuy” bayramı Şamaxı rayonunda qeyd edilmişdir
Bu gün müstəqil Azərbaycan Respublikasında yaşayan müxtəlif xalqların nümayəndələri də mövcud imkanlardan bərarabər qaydada bəhrələnərək öz adət-ənənlərini qoruyub saxlayır və mədəniyyətlərini inkişaf etdirirlər. İyunun 23-də respublika “Tuqan tel” tatar mədəniyyəti cəmiyyətinin Şamaxı şəhərindəki Heydər Əliyev parkında qeyd etdiyi “Sabantuy” bayramı da bunu bir daha təsdiqləmişdir.
“Sabantuy” tatarların xalq bayramı olmaqla onların unikal adət-ənənəlrini hələ də özündə yaşadır. YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilən bu bayramda respublikamızda yaşayan digər xalqların nümayəndələri də fəal iştirak edirlər. Bu baxımdan qədim Şirvan torpağında keçirilən bu tədbirdə tatarlarla yanaşı Azərbaycan, rus, ləzgi, avar və digər xalqların incəsənət ustaları öz bacarıqlarını nümayiş etdirmişlər.
Bayram mərasimi ilə əlaqədar tədbirdə çıxış edən respublika “Tuqan tel” tatar mədəniyyət mərkəzinin sədri Gülcan Myasoutova tatar xalqının milli bayramı olan “Sabantuy” bayramının Şamaxı rayonunda yüksək səviyyədə qeyd olunması ilə bağlı tədbirin təşkilatçılarına, Şamaxı Rayon İcra Hakimiyyətinə öz minnətdarlığını bildirmiş, bu əlaqələrin bundan sonra da davamlı olacağını qeyd etmişdir.