Şamaxıdan olan şəhidlərə həsr edilən videokonfrans keçirilib
Bakı şəhəri Xətai rayon 95 saylı və Şamaxı şəhər 1 saylı tam orta məktəblərin təşkilatçılığı ilə torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə həlak olan şamaxılı şəhidlərə həsr olunan videokonfrans keçirilib.
Konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, təşkilatçı məktəblərin direktorları, müəllim və şagirdlər, təhsil işçiləri, Xalq artisti Azad Şükürov, bir qrup şəhid ailəsi və qazilər iştirak ediblər.
Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanan, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi tədbirdə Şamaxı şəhidlərinin hər biri ayrı-ayrılıqda anılıb, onların həyat və döyüş yolundan geniş bəhs olunub. Tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, hər bir azərbaycanlının onlarla fəxr etdiyini bildiriblər. Videokonfransda şəhidlərə həsr olunan videoçarx nümayiş etdirilib. Tədbir şagirdlərin xorla söylədikləri “Yaşasın müstəqil və azad Azərbaycan!” şüarı ilə yekunlaşıb.