Dekabrın 15-də Milli Məclisin növbəti plenar iclası keçirilib
Dekabrın 15-də Milli Məclisin növbəti plenar iclası keçirilib.
Parlamentin sədri Sahibə Qafarova iclası açaraq gündəliyə 13 məsələnin daxil edildiyini bildirib.
Gündəlik təsdiqləndikdən sonra Milli Məclisin sədri diqqətə çatdırıb ki, müzakirəyə çıxarılan ilk iki qanun layihəsi Azərbaycan Prezidentinin bir məktubu ilə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Gündəliyin birinci məsələsi “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” qanun layihəsidir. Gündəliyin ikinci məsələsi bu dəyişikliklə əlaqədar olaraq “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsidir. Birinci layihə ad dəyişikliyi ilə bağlıdır, ikinci layihə isə uyğunlaşdırma xarakteri daşıyır. Hər iki qanun layihəsini bir oxunuşda qəbul etməliyik.
Sonra regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qanun layihələri barədə məlumat verib. Bildirilib ki, Şamaxı rayonunun inzibati ərazisindəki Saqiyan kəndinin adı Azərbaycan etnosu, milli-irsi dəyərləri, xalqımızın tarixi, coğrafiyası, yerli əhalinin məişəti ilə heç bir bağlılıq daşımır. Məsələ ilə bağlı Toponimiya Komissiyası ilə müvafiq məsləhətləşmələr aparılıb, yerli sakinlərin münasibəti öyrənilib. Coğrafi ərazi baxımından güney ərazidə yerləşən kəndin Günəşli adlandırılması məqsədəuyğundur.
Layihəyə əsasən, Şamaxı rayonunun Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindəki Saqiyan kəndi Günəşli kəndi adlandırılır, Saqiyan kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi hesab edilir.
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsi ilə bağlı Siyavuş Novruzov bildirib ki, bələdiyyələrin siyahısının Şamaxı rayonu bölməsində Saqiyan bələdiyyəsinin adı Günəşli bələdiyyəsi ilə, Saqiyan kəndinin adı Günəşli kəndi ilə əvəz olunur.
Müzakirələr zamanı deputatlar Tahir Kərimli və Aydın Mirzəzadə məsələ barədə öz fikirlərini açıqlayıblar. Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının sədri İsa Həbibbəyli öz çıxışında Saqiyan sözünün mənşəyi barədə məlumat verib, kəndin Günəşli adlandırılmasında onun yerləşdiyi coğrafi ərazinin xüsusiyyətlərinin nəzərə alındığını deyib.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.