Şamaxıda Sabir poeziya bayramı keçirildi
Mayın 31-də Şamaxı şəhərində ənənəvi Sabir poeziya bayramı keçirilmişdir. Bakıdan gəlmiş qonaqlar əvvəlcə Heydər Əliyev parkına gələrək ulu öndərin abidəsi önünə tər çiçəklər düzdülər.
Sonra Mirzə Ələkbər Sabirin Yeddigünbəz və Seyid Əzim Şirvaninin Şahxəndan qəbristanlıqlarındakı məqbərələri ziyarət olundu.
Sabir poeziya bayramının rəsmi hissəsi görkəmli şairin ev muzeyində başlanıldı. Tədbiri giriş sözü ilə Sabir poeziya bayramını keçirən təşkilat komitəsinin sədri, şair Əjdər Ol açdı, bu bayramın tarixindən, əhəmiyyətindən geniş bəhs etdi. Daha sonra Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov Sabir poeziya bayramı münasibətilə tədbirə toplaşanları təbrik etdi, Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi olan Mirzə Ələkbər Sabirə göstərilən dövlət qayğısından, xalq məhəbbətindən söz aşdı.
Meydan sözə verildi. Şair və yazıçılardan Fikrət Qoca, Məmməd Aslan, Oqtay Rza, Əli Əmirli və başqaları çıxış edərək ustad sənətkara sonsuz ehtiramlarını ifadə edirlər. Tanınmış el sənətkarı Aşıq Ağamurad İsrafilovun və Şamaxı məktəblilərinin çıxışları Sabir poeziya bayramına xüsusi ovqat qatdı.