Şamaxının qəhrəman şəhidlərindən biri Elvin Abbasov
Vətən uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş şəhidlərdimizdən biri də Elvin Abbasovdur. Elvin Səxavət oğlu Abbasov 1993-cü ildə Şamaxı şəhərində anadan olub.
Bakı Dövlət Universitetinin nəzdində kollecdə oxuyarkən E.Abbasov təhsilini yarımçıq qoyaraq 2013-cü ildə Vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Füzuli rayonundakı xidmət etdiyi “N” saylı hərbi hissə komandiri tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif olunub. 2015-ci ildə isə hərbi xidmətini başa vuraraq ailəsinin yanına qayıdıb. Yarıda saxladığı təhsilini qaldığı yerdən davam etdirib. Elvin Abbasov ailədə sonbeşik olduğu üçün evin ən sevimlisi olub.
Atası Səxavət Abbasov onunla bağlı xatirələrindən danışarkən qeyd edib ki, Elvin mehriban, şirindil, gülərüz bir uşaq idi.
Ailədə anasına çox bağlı olan Elvin üçün Vətən hər şeydən öndə olub. Beləliklə o, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan əməliyyatların ilk günündən könüllü cəbhəyə yollanıb. Anası Bahar Abbasova deyib ki, oğlu cəbhəyə yola düşəndə düşmən tapdağı altında inləyən torpaqlarımızın azad olunması naminə canından keçməyə belə hazır olduğunu bildirib.
Qardaşı Möhsün Abbasov şəhidimiz haqqında danışarkən Elvində Vətən sevgisinin güclü olduğunu, onun ancaq döyüşməyə getməyə can atdığını söyləyib.
Şəhidimizin dostu Elturan Həşimov isə Elvinin dostları üçün canından belə keçməyə hazır mərd oğlan olduğunu vurğulayıb. O, qohumlarının, yaxınlarının, əzizlərinin də sevimlisi idi.
Şəhidi ailədə hər kəs sevgi və hörmətlə xatırlayır. Balaca Yusif və Səxavət əmiləri haqqında danışarkən sanki sözlərin boğazlarında düyünləndiyini qeyd ediblər.
İgidimiz noyabrın 8-də Xocavənd uğrunda döyüşlər zamanı düşmənin gülləsinə tuş gələrək yaralanıb və Füzuli Rayon Xəstəxanasında əməliyyat olunub. Ağır yaralandığı üçün Ağcabədi Rayon Xəstəxanasına aparılır. Noyabrın 12-də Bakıda xəstəxanaların birinə gətirilir və 10 gün komada qaldıqdan sonra noyabrın 22-də şəhadətə qovuşur.
O, Şamaxı şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.