Şamaxıda ictimai yaşayış binasının fasadına çəkilən Qarabağın xəritəsi hər kəsdə böyük maraq doğurub
Şamaxı sakinləri də torpaqlarımızın işğaldan azad olunmasını böyük sevinclə qarşılayıblar. Artıq hər kəsin böyük marağına səbəb olan Qarabağın xəritəsi də Şamaxı divarını bəzəyir.
Şamaxının Heydər Əliyev prospektində yerləşən ictimai yaşayış binasının fasadına Azərbaycanın bir parçası olan Qarabağımızın xəritəsi çəkilib. Xəritə gənc rəssamlar Ülvi Əliyev və Bütünay Haqverdiyev tərəfindən işlənib. Onlar ikinci Qarabağ müharibəsinin başladığı ilk günlərdən etibarən Şamaxıda bu rəsmin çəkilişinə başlayıblar. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrimiz, habelə strateji yüksəkliklərimiz bir-bir düşmən tapdağından azad olunduqca bunların təsvirləri xəritədə rəng çalarları ilə əks olunurdu. Tarixi 10 noyabrda, Vətən müharibəsində qazanılan Böyük Qələbə elan olduqdan sonra rəssamlar Qarabağın xəritəsini tamamlayaraq divar üzərində əks etdiriblər. Qeyd edək ki, çəkilən xəritədə işğaldan azad olunan rayonların dağları , meşələri, gölləri, çayları və sair əks etdirilib.
İndi nəinki şamaxılılar, gələn qonaqlar da bu rəsmə böyük maraq və heyranlıqla tamaşa edirlər.