Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda Ukraynanın Fəxri konsulluğu fəaliyyətə başlayıb

09 noyabr 2020 | 16:00

Noyabrın 9-da Azərbaycanın qonaqpərvər Şamaxı şəhərində Ukraynanın ilk Fəxri konsulluğunun təntənəli açılış mərasimi keçirilib.

Açılış mərasimində Ukraynanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vladislav Kanevski çıxış edib. Səfir Azərbaycan dövlətinin rəhbərliyinə və Şamaxı rayon icra hakimiyyətinə təşəkkürünü bildirərək qeyd edib ki, bundan sonra Ukraynanın bir hissəsi Şamaxı şəhərində olacaq.

Ukraynanın diplomatik missiyasının rəhbəri bugünkü əlamətdar hadisənin xüsusi əhəmiyyətini vurğulayaraq və bütün Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, ölkəmizin qarşısında duran bütün çətinliklərin öhdəsindən gəlməyi, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıb.

Səfir qeyd edib ki, öz vətəninin suverenliyini və ərazi bütövlüyünü müdafiə edən qardaş Azərbaycan xalqının keçirdiyi hissləri Ukrayna yaxşı başa düşür. Bu gün həm Ukrayna, həm də Azərbaycan xalqı öz torpaqlarında, evlərində dinc yaşamaq, gələcək üçün planlar qurmaq və aydın səma altında çalışmaq üçün çətin sınaq qarşısındadır - Vətənə sədaqət və sevgi sınağı qarşısında.

Şamaxı şəhərində yeni açılmış Ukraynanın Fəxri konsulluğunun binası bu gün Ukraynanın qardaş Azərbaycan xalqı ilə həmrəyliyi əlaməti olaraq, eləcə də Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Dövlətinin suverenliyi və ərazi bütövlüyünü müdafiə edərkən həlak olmuş Azərbaycan və Ukrayna qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şamaxı şəhərinə təyin olunan Ukraynanın Fəxri konsulu Mehrəli Qasımov bildirib ki, konsulluğun açılması iki ölkə arasındakı əməkdaşlığın yüksək dinamikasının göstəricisi olmaqla yanaşı, hər iki ölkə ticarət-iqtisadi, mədəni-humanitar, turizm və digər sahələrdə regional səviyyədə də ikitərəfli əməkdaşlığın fəallaşdırılması üçün böyük perspektivlərə malikdir. Bu səbəbdən artıq neçə ildir ki, böyük həvəslə ölkələrimiz və xalqlarımız arasında mövcud ənənəvi dostluq əlaqələrini real qarşılıqlı əlverişli layihələrlə möhkəmlətmək üçün onu praqmatik məzmunla zənginləşdirməyə çalışıram. Səmimi təşəbbüsümün həm Ukrayna, həm də Azərbaycanda müsbət qarşılanması mənim üçün çox xoşdur.

Oktyabrın 27-də Ukrayna və Azərbaycanda bütün razılaşdırma prosedurlarını keçdikdən sonra Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Vladislav Kanevski konsulluq patentini və Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun xidməti vəsiqəsini mənə təntənəli surətdə təqdim etdi. Həmçinin biz müvafiq saziş imzaladıq ki, bu saziş Fəxri konsulluğun və Ukrayna Səfirliyinin hesabat dövrü ərzində birgə layihələrinin həyata keçirilməsinə dair fəaliyyət ardıcıllığı və qaydasını müəyyən edir. Bunu Ukrayna və Azərbaycanın qardaş xalqları arasında münasibətlərin möhkəmləndirilməsi işində böyük nəticələrin əldə edilməsinə yönəlmiş niyyətimə dəstək verən böyük etimad kimi dəyərləndirirəm. 

Ukraynanın Azərbaycandakı birinci Fəxri konsulluğunun Şamaxı şəhərində açılması Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana rəsmi səfərinin, həmçinin ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan birgə hökumətlərarası komissiyaların iclasları zamanı formalaşmış mövcud razılaşmaların məntiqi davamıdır. Bununla da sentyabrın 14-də qəbul edilmiş Ukraynanın yeni milli təhlükəsizlik strategiyasında regional əməkdaşlıq çərçivəsində ölkələrimiz arasında real strateji tərəfdaşlığın böyük potensialının özülü qoyulub. Böyük İpək Yolu üzərində yerləşən, qədim ticarət mərkəzlərindən olan Şamaxı şəhəri və Kiyev Rus dövlətinin qədim paytaxtı Kiyev şəhəri əsrlərdən bəri xalqlarımız arasında qarşılıqlı əlverişli əməkdaşlıq körpüləri qurublar ki, bu ənənəni bu gün inkişaf etdirmək və zənginləşdirmək lazımdır.

Şamaxı ərazisindən Azərbaycanı Gürcüstanla və daha sonra Ukrayna üzərindən Qara dəniz regionu və Avropa qitəsindəki digər tərəfdaş ölkələrlə birləşdirən strateji əhəmiyyətli iqtisadi-nəqliyyat kommunikasiyaları keçir. Bütün Avrasiya qitəsində əmin-amanlığın birləşdirici həlqəsi olmaq ölkələrimizin tarixi missiyasıdır.

Mehrəli Qasımov həmçinin, fəxri konsul missiyasının bütün sahələrdə Ukrayna-Azərbaycan əməkdaşlığının fəallaşması ilə bağlı ən qısa zamanda maksimal nəticə verəcək sahələrə daha çox diqqət yönəltmək istədiyini, məsələn, tanınmış muzeylərimizdə, turizm komplekslərimizdə və marşrutlarda Ukrayna dilində audio-bələdçilərin açılması Ukraynadan gələn qonaqların diqqətini Azərbaycanın zəngin mədəniyyət və adətlərinə yönəldilməsini vurğulamışdır. 

Keçidlər