Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Şamaxı Olimpiya Kompleksində yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur

17 may 2013 | 15:00

Prezident İlham Əliyev Şamaxıda yenidən qurulan Olimpiya İdman Kompleksi ilə tanış olmuşdur.

Bu gün Azərbaycan dünyada həm də güclü idman ənənələri ilə tanınır. Çünki idman ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə paytaxtla yanaşı, regionlarda da inşa olunan müasir idman obyektləri, ilk növbədə, dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Şamaxı Olimpiya Kompleksi də bu baxımdan mühüm rol oynayır.

Regionun ən böyük olimpiya-idman komplekslərindən biri olan bu qurğuda yarışların, təlim-məşq toplantılarının və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Ölkəmizdə bütün idman qurumlarının bir yerdə fəaliyyət göstərməsi uğurlu nəticənin əldə olunmasının əsas səbəblərindən biridir. Bu sırada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın idmançılara olan diqqəti də nəzərdən qaçmır. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban Əliyevanın uğurlu fəaliyyəti bu sahədə ölkəmizin ciddi nailiyyətlər qazanması ilə müşayiət olunur. Azərbaycan dünya idman aləminə nəhəng mərkəzlərdən biri kimi daxil olmuşdur. Məhz bunun nəticəsidir ki, birinci Avropa Oyunları 2015-ci ildə Azərbaycanda keçiriləcəkdir.

Prezident İlham Əliyev Şamaxı Olimpiya Mərkəzində futbol meydançasının, üzgüçülük hovuzunun və yeni idman zalının açılışında iştirak etdi.

Mərkəzdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Şamaxıya səfərlərindən və idmanın inkişafına göstərdikləri qayğıdan bəhs edən fotoguşələr yaradılmışdır.

Dövlətimizin başçısına məlumat verildi ki, son illərdə Şamaxıda idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqət göstərilir. Bu cür idman qurğusunun istifadəyə verilməsi isə gənclərin idmana olan maraq və həvəsini daha da artırmışdır. Qeyd olundu ki, Şamaxı Olimpiya Mərkəzində yeni idman zallarının və qurğularının tikintisinə 2010-cu ilin fevralında başlanmışdır. Layihəyə əsasən 2500 kvadratmetr olan binaların fasadı dəyişdirilmiş, müasir dizaynlı materiallar və şüşələrlə örtülmüşdür. Mərkəzin bütün havalandırma, işıqlandırma sistemləri yenilənmişdir. Üzgüçülük hovuzunun dam örtüyünün metal konstruksiya hissələri dəyişdirilmişdir.

Burada dövlətimizin başçısına ölkədə tikintisi nəzərdə tutulan olimpiya mərkəzinin yeni hazırlanmış layihəsi təqdim olundu.

Sonra Prezident İlham Əliyev Mərkəzin idman zallarını və otaqlarını gəzdi. Konfrans zalında müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişli şərait vardır. Oyun meydançalarının örtükləri və oturacaqları dəyişdirilmiş, əlavə məşq zalı inşa edilmişdir.

Binanın daxilində trenajor-fitnes zalları və sauna fəaliyyət göstərəcəkdir. İki min nəfərlik tribunası olan beynəlxalq standartlara uyğun futbol stadionu inşa edilmiş, yeni qaçış zolağı salınmışdır. Burada yüksək səviyyəli yarışların keçirilməsi mümkün olacaqdır. Müasir tələblərə uyğun 8 kottec inşa edilmişdir. Ərazini sel sularından qorumaq üçün suötürücü beton kanal çəkilmişdir. Bütün ərazidə elektrik təchizatı, suvarma, istilik şəbəkəsi qurulmuşdur. Elektrik transformatorları üçün yeni bina inşa edilmişdir. Yeni rabitə xətləri çəkilmiş, daxili avtomat telefon stansiyası, təhlükəsizlik kameraları quraşdırılmışdır. Bütün ərazi Wİ-Fİ internet şəbəkəsi ilə təmin edilmişdir. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.

Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi, tapşırıqlarını verdi.

Keçidlər