Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanşahların sonuncu iqamətgahı Buğurt qalasında arxeoloji tədqiqat işləri aparılır

09 sentyabr 2020 | 16:00

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və epiqrafika şöbəsinin müdiri Akif Quliyevin rəhbərliyi altında Şamaxı arxeoloji ekspedisiyası Qaladərəsi kəndi yaxınlığında yerləşən, Şirvan hakimlərinin sonuncu iqamətgahı olan əfsanəvi Buğurt qalasında arxeoloji tədqiqat işlərinə başlayıb.

Buğurt qalası Şamaxı şəhərindən 20 km şimal-qərbdə, hər tərəfi meşə ilə örtülü olan hündür bir dağın zirvəsində yerləşir. Strateji əhəmiyyətinə görə əlverişli mövqeyə malik qalanı ən yaxın məsafədən belə görmək mümkün deyil. Qalanın ətrafında Qaladərəsi, Keçmədin və Qaleybuğurt kəndləri yerləşir. Qalaya gedən əsas yollar Qaladərəsi kəndindən keçir. Buğurt qalasından şərqdə, sıldırım qayalıqlarda Qız qalası adlanan kiçik qəsr də mövcuddur.

Qalanın tikilmə tarixi ilə bağlı dəqiq məlumat yoxdur. Arxeoloji tədqiqatlar bu məsələyə aydınlıq gətirəcək.

Akif Quliyevin fikrincə, bu, adi qala deyil, geniş infrastruktura malik orta əsr qala-şəhəridir. Qalada mükəmməl su-kanalizasiya sistemi, relyefə uyğun çoxsaylı yaşayış binaları, inzibati binalar, saraylar, məscidlər, su anbarları, hamamlar olub. Qala divarları iri qaya və çay daşlarından inşa edilib. İkiqat qala divarlarının arası ilə mühafizəçilərin sərbəst gəzməsi üçün pillələr salınıb. Qala divarlarının üzəri gümbəzvari formada hörülüb. Bu da düşmən tərəfindən mühafizəçilərin hərəkətini izləməyə imkan vermirdi.

Arxeoloqun sözlərinə görə, qalanın ümumi sahəsi 17 hektardır. Təqribi hesablamalara görə, qala-şəhər kompleksinə daxil olan ərazidə 30 minə yaxın insan yaşayıb. Əhaliyə məxsus yaşayış evləri qalanın əsasən aşağı hissəsində olub.

Qeyd edək ki, Buğurt qalası 1538-ci ildə Səfəvi şahı I Təhmasib tərəfindən alınaraq dağıdılıb, sonuncu Şirvanşah Şahrux əsir alınaraq öldürülüb. Bununla da minillik Şirvanşahlar dövlətinin varlığına son qoyulub. Qalanın tədqiqinə ötən əsrin 70-ci illərində arxeoloq Hüseyn Ciddi tərəfindən başlanmışdı.

Keçidlər