Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda şəhər 2 saylı tam orta məktəb üçün tikilən yeni korpus yaxın günlərdə istifadəyə veriləcək

07 sentyabr 2020 | 16:00

Şamaxı şəhər 2 saylı tam orta məktəb üçün inşa edilən yeni korpusda son tamamlama işləri görülür. Təzə tədris binası yeni dərs ilində öz qapılarını şagirdlərin üzünə açacaq.

Məktəb üçün yeni korpus 2019-cu il fevralın 5-də baş vermiş zəlzələ zamanı Şamaxı, İsmayıllı və Ağsu rayonlarında ziyan dəymiş yaşayış evləri, sosial və infrastruktur obyektlərinin tikintisi və bərpası işlərinin aparılması üçün dövlətimizin başçısının imzaladığı Sərəncamın icrası çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilib.

Ötən il baş verən zəlzələ 2 saylı tam orta məktəbin binasına ciddi zərər vurmuşdu. Məktəbin ziyan görən korpusu 1985-ci ildə tikilmişdi. Tədris ocağının keçmiş binası üç mərtəbədən, iki korpusdan ibarət olub.

Keçən ilin noyabr ayından tikintisinə başlanan yeni korpusda işlər artıq yekunlaşmaq üzrədir. Təzə tikilən tədris ocağı 960 şagird yerlikdir. Dörd mərtəbədən və dörd korpusdan ibarətdir. Müasir standartlara uyğun inşa olunan tədris ocağında təhsilin yüksək səviyyədə təşkili üçün hər cür şərait var. Sinif otaqları, laboratoriya və texnologiya otaqları, kitabxana, hərbi kabinet, akt və idman zalları, yeməkxana zəruri avadanlıqlarla təchiz olunub.

Keçidlər