Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı gəncləri növbəti dəfə “Hər şey Vətən üçün” dedi

28 avqust 2020 | 16:00

Prezident cənab İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi gəncləri çox sevindirmişdir. Dövlətimizin başçısının bu qərarı gənclərin öz potensiallarına inamlarının artmasına, həmçinin ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin daha da inkişafına mühüm töhfə vermişdir. Bu il ərzində Şamaxı gəncləri də könüllü olaraq bir çox layihələrə imza atıblar. Bu layihələrdən biri də Şamaxıda davamlı olaraq keçirilən “Hər şey Vətən üçün” adlı aksiyadır.

Koronavirus (COViD-19) pandemiyası ilə mübarizə məqsədi ilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə riayət etməklə, Şamaxı gəncləri bu cür aksiyalarda iştirak edir. Ordumuza dəstək məqsədilə keçirilən aksiya ilk dəfə iyun ayının əvvəllərində Şamaxıda baş tutub. Bu gün də Şamaxının könüllü gəncləri 500-dən çox işlənmiş avtomobil şinini yığaraq ön cəbhədəki hərbi hissələrimizə göndəriblər. Aksiya çərçivəsində əsgərlərimiz üçün gündəlik istifadə olunan əşya və ləvazimatlar da alınmışdır.

“Hər bir vətəndaşın borcu orduya, əsgərimizə layiqincə dəstək vermək, onların əməli işinə - torpaqlarımızın müdafiəsi işinə bacardığı köməkliyi etməkdir” deyən gənclərin bu təşəbbüsünə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və rayonun millət vəkili Tamam Cəfərova da öz dəstəyini göstərmişdir.

Rayon gəncləri bu tipli aksiyaların davamlı olaraq keçiriləcəyini bildirirlər.

Keçidlər