Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdərə rayonunun işğalından 27 il ötür

07 iyul 2020 | 16:00

Bu gün Azərbaycan Respublikasının Ağdərə rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 27 il ötür.

27 il əvvəl – 1993-cü il iyulun 7-də Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri Xankəndidən 62 kilometr şimalda yerləşən və ümumi ərazisi 1705 kvadratkilometr olan, həmçinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan birini - Ağdərə rayonu və onun kəndlərini işğal etdilər. İşğala qədər Ağdərənin 14 kəndində (Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşamış və işğal zamanı rayonun bütün əhalisi öz doğma yurdlarından məcburən köçkün düşərək hazırda Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmışlar.

Hazırda işğal altında olan keçmiş Ağdərə rayonunun 8 kəndi və onlara məxsus torpaq sahələri Ağdam rayonunun, 23 kəndi və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun, Ağdərə şəhəri və 13 kəndi və onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tərkibindədir. Ağdərənin rayon tipli iki qəsəbəsi, 57 kəndi, 67 klubu, 51 kitabxanası, 30 orta məktəbi, 7 xəstəxanası, 1 texniki peşə məktəbi işğal altındadır.

Əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarət olan Ağdərə faydalı qazıntılarla – polimetal yatağı, əhəngdaşı və gipslə zəngindir. Ağdərə Dağlıq Qarabağın mühüm kənd təsərrüfatı rayonlarından idi, iqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu. Tərtər çayı dərəsi boyunca Azərbaycanın yuxarı və aşağı Qarabağını birləşdirən karvan və avtomobil yolları var idi. Ağdərənin qədim memarlıq abidələri və qədim körpüləri, müqəddəs ziyarətgahı Ulduztəpə piri də düşmən tapdağındadır. Memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il), Talış kəndi yaxınlığında Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı axarında məbəd (XIII əsr), Hatəm Məlik qalası, bir çox qədim məbədlər və tarixən salınmış körpülər, eləcə də bütün abidələr Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və mənimsənilib.

Hazırda Ermənistan Respublikası işğal etdiyi Ağdərə rayonunun sərvətlərinin talan edilməsi üçün beynəlxalq hüquqa zidd əməllər həyata keçirir. Tərtər çayı üzərində salınmış Sərsəng su anbarı ilə əlaqədar yaranmış vəziyyətə görə ciddi narahatlıq Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində də öz əksini tapıb. Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” kimi qiymətləndirilib, ekoloji fəlakət sahələri yaratmaq və həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etmək bir dövlətin digər dövlətə qarşı düşməncəsinə hərəkəti kimi qəbul edilməli olduğu, Sərsəng bəndinin baxımsızlığının xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanıb. Bu qətnamədə Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsi, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırması tələb edilir.

Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi Ermənistanın bu hərbi təcavüzü Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhalinin öz doğma torpağından məcburən köçkün düşməsinə gətirib çıxarıb və hazırda bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun inzibati-ərazisinə aidiyyəti olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb.

Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazma məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb.

Azərbaycan Ordusunun şanlı qələbələrindən olan 2016-cı ilin Aprel döyüşləri nəticəsində Füzuli və Cəbrayıl rayonları ilə yanaşı, Ağdərə rayonunun da ərazisinin bir hissəsi işğaldan azad edildi. Rəşadətli Ordumuzun sarsıdıcı zərbəsi ilə Ağdərə rayonunun Talış və Seysulan kəndləri düşməndən təmizləndi. Bu şanlı qələbə bütün qaçqın və məcburi köçkünlərimiz kimi, ağdərəlilərdə də doğma yurdlarına qayıdacaqları günün uzaqda olmadığına qəti inam yaradıb.

Keçidlər