Şamaxı RİH-də Milli Mətbuat Günü media nümayəndələri ilə online görüş keçirilib
22 iyul - Milli Mətbuat Günü münasibətilə Şamaxıda fəaliyyət göstərən, həmçinin müxtəlif mətbuat orqanlarının regional nümayəndələrinin iştirakı ilə online görüş keçirilib.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb, əsası “Əkinçi” qəzeti ilə Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımızın bu gün dünyaya açılan müasir informasiya resurslarına çevrildiyini bildirib.
Rayon rəhbəri Prezident cənab İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Tərəqqi” medalı ilə təltif olunmuş rayonun “Şirvan” qəzetinin baş redaktoru Könül Məmmədovanı görüş iştirakçıları adından təbrik edərək, media nümayəndələrinə göstərilən diqqət və qayğıdan danışıb, onlara dövlətimiz və cəmiyyətimizin inkişafı yolundakı fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxış edənlər dövlət tərəfindən mətbuat sahəsində görülən işlərin, həyata keçirilən tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək jurnalistlərə Milli Mətbuat Günü münasibətilə göstərilən diqqət və qayğıya görə minnətdar olduqlarını bildiriblər.