Aztəminatlı ailələrə dövlət qayğısı
Bu gün ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial islahatlar insanların yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Dövlət daha çox aztəminatlı və xüsusi diqqət tələb edən ailələrin sosial qayğılarının həllinə çalışır.
Şamaxıda istismar müddəti başa çatmış binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə inşa olunan bina da bu siyasətin bir təzahürüdür. Yaşayış binası 28 May – Respublika Günü ərəfəsində istifadəyə verilib, sakinlərin bayram sevinci birə min artıb.
Şamaxı sakini 74 yaşlı Sənubər Quliyeva da binada mənzillə təmin olunub. Ona 3 otaqlı mənzil verilib. Uzun illər zəhmətkeş əməkçi olan Sənubər nənə deyir ki, nə vaxtsa ona pulsuz yeni mənzil veriləcəyini desəydilər, inanmazdı. Amma bu bayram ərəfəsində Prezident tərəfindən digər Şamaxı sakinləri kimi ona da yeni inşa olunan binadan mənzilin açarları təqdim ediləndə özünü dünyanın ən xoşbəxti hiss edib.
“Köhnə evdə yaşayanda birinci mərtəbədə qalırdım, rütubətli və qaranlıq idi. Amma yeni mənzilimizə daxil olanda gördüm ki, geniş və işıqlı otaqlardır, hər şeylə təmin edilib. Allah Prezidentimizdən razı olsun. Sevindiyimdən ağladım, bu sevinc hisslərimi sözlə ifadə edə bilmirəm. Mən gəlin köçəndə imkansızlıqdan gəlin otağımı bəzəyə bilməmişdim, 74 yaşımın olmasına baxmayaraq, bu otaqları həvəslə bəzəyəcəyəm”, - deyə o bildirir.
Şamaxının mərkəzində inşa olunan bu binanın yerində əvvəllər ikimərtəbəli çoxmənzilli bina olub. Sözügedən bina istismar müddətini başa vurduğundan sakinlər əziyyət çəkirdilər. Sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə burada beşmərtəbəli ikigirişli 51 mənzilli yaşayış binası tikilərək vətəndaşların istifadəsinə verilib. Yeni tikilən binada sakinlərin rahatlığı üçün hər bir şərait yaradılıb. Evlərin açarları püşkatma yolu ilə sakinlərə təqdim edildikdən sonra hər kəs yeni mənzillinə ev əşyalarını daşımağa başlayıb.
Xatırladaq ki, mayın 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərində istismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən binada yaradılan şəraitlə tanış olublar.