Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olub

25 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olublar.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada zəruri konservasiya və bərpa işləri aparılmaqla ərazinin arxeoparka çevrilməsi planlaşdırılır.

Məlumat verildi ki, Pir Ömər Sultan ziyarətgahının xəlvəti sufi məktəbinin banisi Əbu Siracəddin Ömər Avaxıliyə aid olduğunu müəyyən etmək məqsədilə tədqiqatlar aparılır. Arxeoloqlar hesab edirlər ki, bu ərazi Azərbaycanda və dünyada xəlvətiliklə bağlı ilk xanəgahdır. 133 kvadratmetr sahədə aparılan ilkin arxeoloji tədqiqatlar zamanı XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən artefaktlar aşkar olunub. Türbə qaya və çay daşlarından istifadə olunmaqla inşa edilib. Türbənin üstü tağvarı formada olan giriş qapısı cənub tərəfdəndir. Türbənin içərisində kənarları birqat bişmiş kərpiclə əhatələnən iki qəbir kamerası, şirəli və şirəsiz keramika nümunələri, müxtəlif tarixi dövrlərə aid pullar aşkar olunub. Ziyarətgahın ətrafında çoxlu sayda insan dəfn olunub. Onlardan türbənin şərq tərəfində tədqiq olunan iki qəbir üzərindəki kitabə Pir Ömər ziyarətgahının məhz xəlvətilik sufi təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən çox mühüm tarixi mənbə kimi dəyərləndirilə bilər.

Tədqiqatların davamlı və səmərəli aparılması, ziyarətgahın təbii və antropogen təsirlərdən qorunması məqsədilə abidənin üstü yüngül konstruksiyalardan istifadə olunmaqla örtülüb.

Keçidlər