“Azərişıq” ASC-nin sədri Şamaxıda vətəndaşları qəbul edib
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Şamaxıda vətəndaşları qəbul edib. Qəbulda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlar iştirak ediblər.
“Azərişıq” ASC-dən bildirilib ki, əhalinin müraciətlərini dinləyən V.Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar strukturlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Qəbula gələnlərin əksəriyyəti Şamaxı və Qobustan kəndlərində elektrik şəbəkəsinin yenidən qurulması üçün son zamanlar “Azərişıq” ASC tərəfindən görülən işlərə görə minnətdarlıq ifadə ediblər. Bildiriblər ki, Prezident İlham Əliyevin bölgələrdə elektrik enerjisi təchizatını Bakının səviyyəsinə çatdırılması barədə verdiyi göstərişin yerinə yetirilməsinin nəticələrini artıq Şamaxı və Qobustan kəndlərinin sakinləri görməkdədir. Onlar evlərinin elektrik enerjisi ilə keyfiyyətli və dayanıqlı şəkildə təmin edilməsinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Qəbulda vətəndaşların əlavə araşdırma tələb edən müraciətləri də nəzarətə götürülüb, onların operativ həlli üçün müvafiq struktur bölmələrə yönəldilib. “Azərişıq” ASC-nin fəaliyyətinə aid olmayan müraciətlər isə qeydə alınıb, onların aidiyyəti üzrə göndəriləcəyi bildirilib.