Şamaxıya iritutumlu müasir avtobuslar gətirilib
Prezident İlham Əliyevin “Şamaxı rayonunda xidmət infrastrukturunun texniki təminatının gücləndirilməsi haqqında” 2019-cu il 28 noyabr tarixli Sərəncamının icrası çərçivəsində Şamaxıya Türkiyə istehsalı olan yeni, müasir standartlara cavab verən 9 iritutumlu avtobus gətirilib.
Bu avtobuslar “Avro 5” standartlarına cavab verməklə yanaşı, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Xüsusi mexanizm pandus quraşdırılmış avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək.
Şəhərdaxili sərnişindaşıma üçün nəzərdə tutulan avtobuslar 27 oturacaqlı olmaqla, 64 sərnişin tutumuna malikdir. Avtobuslar hər gün səhər saat 07:00-dan axşam 19:00-dək şəhər daxilində 9 istiqamət üzrə hərəkət edəcək.
Rayona məişət tullantılarının daşınması, yolların təmizlənməsi, təcili və təxirəsalınmaz tibbi yardım üçün texnika və avadanlıqların alınaraq gətirilməsi də nəzərdə tutulub.