Şamaxıda din xadimləri narkomanlığa qarşı mübarizə yollarını müzakirə ediblər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Şamaxı şəhər “Cümə” məscidində “Narkomanlığa qarşı mübarizədə dini icmaların və din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib.
Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Elnur Mehdiyev, Qobustan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri Mərəhmət Mustafayev, Elşən Rüstəmov, Şamaxı və Qobustan rayonlarına daxil olan məscidlərin icma sədrləri, imam və mütəvəlliləri iştirak ediblər.
Çıxışlar zamanı cəmiyyətdə zərərli vərdişlərin, o cümlədən narkomaniyanın törətdiyi fəsadlardan, bu zərərli vərdişlərə qarşı dini icmaların və din xadimlərinin mübarizə üsullarından danışılıb. Qeyd edilib ki, zərərli vərdişlərlə mübarizədə ictimai qınağın böyük önəmi var və bu işdə din xadimlərinin üzərinə daha çox məsuliyyət düşür.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.