Şamaxıda qarayara və quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirləri davam etdirilir
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar həkimləri ölkə ərazisində heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirlərini davam etdirir. Artıq Şamaxı rayonunda da baytarlar cari ilin profilaktik peyvəndləmə tədbirlərinə başlayıblar.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Şamaxı rayonunda profilaktiki peyvəndləmə tədbirləri həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır. İdarənin baytar həkimləri iribuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara, eləcə də sahibli itlər arasında quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirlərini həyata keçirirlər. Epizootik tədbirlərin vaxtında yerinə yetirilməsi üçün AXA tərəfindən rayon baytarlıq idarəsi baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla tam təmin edilib.
Hazırda Şamaxı Rayon Baytarlıq İdarəsi rayonda mövcud olan iribuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara, eləcə də sahibli itlər arasında quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirlərini həyata keçirir. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə profilaktik dezinfeksiya işləri görülür. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.
2020-ci ilin epizootik tədbirləri başlayandan indiyə kimi Şamaxı rayonunda 14 min 460 baş iribuynuzlu, 487 baş təkdırnaqlı heyvanda qarayaraya, 1598 baş itdə quduzluq xəstəlikləri əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb. Eləcə də 3 min kvadratmetr sahədə dezinfeksiya işləri görülüb.
Profilaktik tədbirlər çərçivəsində baytar mütəxəssisləri həm də iti yoluxucu xəstəliklər barədə sahibkarlara ətraflı məlumat verərək, təsərrüfatlarda baytarlıq-sanitariya və zoobaytarlıq qaydalarına ciddi əməl olunmasını tövsiyə edirlər.
Bu il Şamaxı baytarları qarayaraya qarşı 29 min baş iribuynuzlu, 138 min baş xırdabuynuzlu heyvan və 1 min baş at arasında peyvəndlənmə tədbirləri aparacaqlar. İl ərzində 4 min baş it quduzluğa qarşı vaksinasiya olunacaq. Həmçinin 2020-ci ildə iribuynuzlu heyvanlardan bruselyozun müayinəsi üçün qan nümunəsinin alınması, eləcə də iribuynuzlu heyvanlarda vərəm, atlarda isə manqo xəstəliklərinə görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulur. Bununla yanaşı tədbir aparılan ərazidə dezinfeksiya və dezinseksiya işləri görüləcək.
Qeyd edək ki, Agentliyin Şamaxı Rayon Baytarlıq İdarəsi tərəfindən 2020-ci ildə Şamaxı rayonunda mövcud ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlar arasında dabaq, nodulyar dermatit, leptospiroz, xırdabuynuzlu heyvanlar arasında qarayara, dabaq, çiçək və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.