Şamaxıda zəlzələ sonra tikilən binalardan 2-si püşaktma yolu ilə vətəndaşlara paylanılıb
Şamaxıda baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sürətlə davam etdirilir.
Ölkə rəhbərinin tapşırığı ilə Şamaxıda zəlzələdən evləri qəzalı vəziyyətə düşən vətəndaşlar üçün tikilən 3 çoxmənzilli binadan 2-dəki mənzillər bu gün rayon İcra Hakimiyyətində püşkatma ilə tam şəffaf formada vətəndaşlara paylanılıb.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Qasım Qasımov açaraq Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 5 fevral 2019-cu il tarixdə baş verən zəlzələdən ziyan dəymiş fərdi yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin mərhələlərələ tikilib, bərpa və təmir olunduğunu, yerində tikintisi mümkün olmayan evlərin əvəzində isə 3 çoxmənzilli binanın tikildiyini bildirərək, dövlət başçısının böyük diqqət göstərdiyi bu məsələnin həlli istiqamətində işlərin sürətlə davam etdirildiyini qeyd edib. Q.Qasımov mənzillərin hər bir vətəndaşa xeyirli olmasını arzulayaraq püşkatmanın başlandığını elan edib və vətəndaşlar evlərin seçiminə başlayıb.
Tədbirdə FHN-nin rayona ezam olunmuş nümayəndəsi Həsən Qasımzadə çıxış edərək dövlət başçısının sərəncamlarına uyğun olaraq Şamaxı rayonunda təbii fəlakətdən keçən dövrdə vətəndaşların müraciəti əsasında 6 mindən çox evə baxış keçirildiyini, bu evlərdən 200-dən çoxunun tikildiyini, 1300-ə yaxınının bərpa və 1000-dən çoxunun isə təmir olunduğunu bildirib.
Qeyd olunub ki, 44 və 20 mənzilli olan bu binaların tikintisinə mart ayında başlanılıb, dekabrın əvvəlində isə tikinti işləri bitərək istifadəyə hazır vəziyyətə gətirilib. Bu binalardan başqa Şamaxıda vətəndaşlar üçün nəzərdə tutulan 110 mənzilli binanın tikintisində son tamamlama işlərinin getdiyi vurğulanıb.
Püşkatma ilə 44 mənzilli binanda 12 nömrəli mənzili seçən rayon sakini Gülbəniz Quliyeva əvvəllər yaşadıqları şəraitsiz binanın zəlzələdən qəzalı vəziyyətə düşdüyünü, ölkə rəhbərinin tapşırığı ilə tikilmiş hər cür şəraiti olan bu binada yaşayacaqlarına görə ailə üzvləri adından Prezident cənab İlham Əliyevə təşəkkürünü bildirib.
Tikilmiş yeni binada mənzil sahibi olan Zəhra Kərimova Ümummilli lider Heydər Əliyevin Şamaxı və şamaxılılara göstərdiyi diqqət və qayğısından danışaraq bu gün həmin diqqəti Prezident cənab İlham Əliyevdən gördüklərini bildirib, Ulu Öndər kimi dövlət başçısının da daim xalqın yanında olduğunu vurğulayıb. O, təbii fəlakətdən keçən dövrdə Şamaxının demək olar ki, yenidən tikildiyini bildirərək görülən işlərə görə şamaxılıların Prezident cənab İlham Əliyevə daim minnətdar olacağını qeyd edib.
Şamaxı rayonu üzrə FHN-nin gördüyü işlərdən başqa zəlzələdən evlərinə ziyan dəymiş vətəndaşların sosial vəziyyətini nəzərə alaraq Heydər Əliyev Fondu tərəfindən 35 ev tikilib, 12 evdə isə təmir-bərpa işləri görülüb.