Şamaxı Astrofizika Rəsədxanası və Bakı Dövlət Universitetinin növbəti seminarı
Dekabrın 19-da Bakı Dövlət Universitetinin (BDU) AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) ilə birgə “Anizotrop kosmik plazmada dalğa turbulensiyası problemləri haqqında” mövzusunda seminarı keçirilib.
Seminarda BDU-nun rektoru Elçin Babayev mövzunun əhəmiyyətindən danışıb.
Sonra ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun mövzu üzrə məruzəsi dinlənilib.
N.Cəlilov heliosferin qlobal strukturu, Günəş küləyinin Yerin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində yaranan problemlərin başa düşülməsində Günəş küləyinin xüsusiyyətlərinin tədqiqinin əhəmiyyəti haqqında geniş icmal təqdim edib. O, anizotrop Günəş küləyi üçün maqnithidrodinamik köçürmə tənliklərinin həllinin bəzi problemlərini qeyd edib.
Alim, eyni zamanda, Günəş tacının enerji balansında mühüm rol oynayan plazma dayanıqsızlığı ilə bağlı apardığı tədqiqatların nəticələri haqqında məlumat verib.
Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.