Şamaxıda payızlıq taxıl əkini sahələri 37 min 850 hektarı keçib
Şamaxı rayonunda payızlıq taxıl əkini davam edir və indiyədək 37 min 857 hektarda səpin aparılıb ki, bu göstərici ötən ilin müvafiq dövründəkindən 15 min 425 hektar çoxdur.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, payızlıq əkin üçün 40 min 347 hektarda şum çıxarılıb. Bu, ötən ildəkindən 5526 hektar artıqdır.
Hazırda taxıl səpini sürətlə davam etdirilir. Hər gün sahələrə 80-dən çox səpin aqreqatı çıxarılır. Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkilən Qızmeydan, Göylər, Çarhan kənd, Sabir qəsəbə və digər bir sıra ərazi dairələrində payız əkini daha mütəşəkkil aparılır.
Qeyd edək ki, rayonun taxılçılıqla məşğul olan fermerləri və fiziki şəxsləri son illər mühüm strateji məhsul olan taxılçılığın inkişafı, bu məqsədlə əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması istiqamətində ardıcıl tədbirlər görürlər.