Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi festivalı: “Şamaxı antologiyası” əlyazmasına dair sərginin təqdimatı olub

29 sentyabr 2019 | 16:00

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən ikinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 29-da Şamaxı tarix-diyarşünaslıq muzeyində “Şamaxı antologiyası” əlyazmasına dair sərginin təqdimatı olub.

Türkiyə, Çin, Rusiya, Əfqanıstan, İndoneziya, Fransa, İngiltərə və digər ölkələrdən olan 150 nəfərdən çox festival iştirakçısının qatıldığı təqdimat mərasimini Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov açaraq qonaqları Nəsimi yurdunda salamlamaqdan şərəf duyduğunu bildirib.

Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olan İmadəddin Nəsimi və onun kimi mütəfəkkirlərin yaradıcılığının tədqiqi və təbliği sahəsində Fondun həyata keçirdiyi layihələrdən danışıb. Vurğulayıb ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamı, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ölkəmizdə tarixən məşhur, dünya şöhrətli insanların irsinin axtarılıb üzə çıxarılmasına, tanıdılmasına göstərilən böyük diqqətin nəticəsidir.

Təbriz İslam Sənət Universitetinin professoru Kərim Mirzay çıxışında miniatür sənətinin incəliklərindən, Təbrizdə, o cümlədən Şamaxıda ədəbiyyat və incəsənətin, xüsusilə də miniatür rəssamlıq və xəttatlıq sənətinin inkişafından danışıb. Miniatür sənətinin incəliklərinə toxunan professor bu sənətin bir nəfərin deyil, xəttatın və ümumən bir qrupun işi olduğunu vurğulayıb.

Qeyd edək ki, əlyazma 1468-ci ilə aiddir və hazırda Londondakı “Britaniya” kitabxanasında saxlanılır. Əlyazmada 12 farsdilli şairin seçilmiş əsərləri toplanılıb. Onlardan bizə yalnız Kamal Xocəndi, Hafiz Şirazi, Əbdürrəhman Cami, Əmir Xosrov Dəhləvi, Şahi Sibzavari məlumdur. Əlyazma gözəl nəstəliq xətti ilə hər birində üç qəzəl olmaqla iki sütuna köçürülüb.

Əlyazma bir ədəd iki səhifəlik və yeddi tək miniatürdən ibarətdir. O, iki səhifəlik miniatür (diptix) sifarişçiyə həsr olunan ənənəvi ithafla açılır. Üfüqi şəkildə yerləşmiş, Herat diptixlərin xatırladan iki səhifəlik bu kompozisiya janrın bütün elementlərini özündə birləşdirir: xalçanın mərkəzində sağ hissədə nökərlər və saray xidmətçiləri, arxada bağ, ön planda naxışlı daşlarla döşənmiş həyət təsvir edilib. Təsvirdə hovuz ətrafında musiqiçilər və ziyafətə gələn qonaqlar əyləşib. Ön planda sol tərəfdə şahzadə, onun xidmətçisi və eşikağası (mərasimi idarə edən şəxs), yuxarı hissədə isə iki atla mehtər, əlində şahin tutmuş ovçu və həyətə daxil olan qonaqlar təsvir olunub.

Bir qayda olaraq, ilkin diptixlər təcrübəli və yaşlı ustalara həvalə edilirdi. Əlyazmada istifadə olunan kağız yaxşı cilalanıb və iri qızılı ləkələrlə zəngin şəkildə bəzədilmiş çəhrayı, bənövşəyi və sarı-yaşıl rənglərin müxtəlif çalarları ilə rənglənib. Teymurilər Çin kağızını yüksək qiymətləndirirdi və onlar rəngli boyalardan istifadəni və qızılla bəzədilməsini dəbə salmışdı. Bu cür çəkmək daha yaxşı hesab olunurdu, çünki azca tonlaşdırılmış kağız gözləri sakitləşdirir, tünd rənglər isə rəngli mürəkkəbləri tamamlayırdı.

Açılış mərasimində Əfqanıstanın “Detache” və Azərbaycanın “İnci” ansambllarının birgə çıxışları festival iştirakçılarında xoş ovqat yaradıb.

Sonra iştirakçılar Meysəri kəndində böyük istehsal müəssisəsinin həyətində Nəsimi heykəl installyasiyasının açılışına gediblər.

Keçidlər