Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda baş vermiş zəlzələnin fəsadları dövlətimizin başçısının sərəncam və tapşırıqlarına əsasən aradan qaldırılır

05 sentyabr 2019 | 16:00

Zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı jurnalistlərin Şamaxıya mediaturu təşkil edilib

Fövqəladə Hallar Nazirliyi bu il fevralın 5-6-da Şamaxıda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı sentyabrın 5-də jurnalistlər üçün bu rayona mediatur təşkil edib.

Jurnalistlər tikintisi başa çatan, hazırda tikilən və inşasına yeni başlanan fərdi və ictimai yaşayış binalarında olublar.

Fövqəladə Hallar Nazirliyinin zəlzələ bölgəsi üzrə nümayəndəsi Həsən Qasımzadə mövcud vəziyyətlə bağlı media nümayəndələrinə məlumat verib.

Bildirilib ki, təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin Şamaxıya gəlişi, mövcud vəziyyətlə yerindəcə tanış olması, sakinlərə dəyən zərərin qısa müddətdə aradan qaldırılması ilə bağlı verdiyi konkret tapşırıqlar artıq öz nəticəsini göstərib.

Həsən Qasımzadə xatırladıb ki, cari ilin fevralında Şamaxı, Ağsu və İsmayıllı rayonlarında zəlzələ baş verib. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq zəlzələdən ziyan çəkmiş evlərin bərpası, yenidən qurulması istiqamətində işlərə başlanılıb. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət 36 qrup regionda evlərə baxış keçirib. Həmin evlərin qəzalı və ya təmirə ehtiyacı olduğu müəyyənləşdirilib. Bu günədək komissiyalara vətəndaşlardan 10 min 649 müraciət daxil olub, onlardan 10 min 608-nə baxılıb. Qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin yenidən tikilməsi üçün layihə institutlarında smetalar hazırlanıb, bu gün də bu istiqamətdə işlər davam edir. Bununla paralel olaraq, bərpaya ehtiyacı olan evlərin bərpası ilə bağlı komissiyaların rəyi təsdiqlənib.

Tikilən evlərin keyfiyyəti ilə bağlı "Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə işlər görülür. Tikilən və bərpa edilən evlərin keyfiyyəti ilə bağlı texniki qruplar mütəmadi olaraq hər 3 rayonda evlərin keyfiyyətli tikintisinə nəzarət edir. Bu günə kimi təhvil verilən evlərin keyfiyyəti ilə bağlı vətəndaşlardan şikayət daxil olmayıb.

Qeyd olunub ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri Ağsu, İsmayıllı və Şamaxı rayonlarında zəlzələdən zərər çəkmiş evlərin sakinləri ilə görüşərək, onların problemlərinin həlli istiqamətində dövlət qurumları ilə birlikdə sıx işləyib, insanlara mənəvi dəstək göstəriblər. Həmçinin “Regional İnkişaf” İctimai Birliyi tərəfindən rayonda bir sıra sosial obyektlərin tikintisi nəzərdə tutulub.

H.Qasımzadə bildirib ki, qəzalı evlərin sayı 847-dir. Ümumilikdə 547 ev tikiləcək. İndiyədək 251 ev tikilib, 257-si isə tikiləcək. Şamaxı şəhəri ərazisində müxtəlif səbəblərdən yerində tikintisi mümkün olmayan fərdi yaşayış evlərinin sakinləri üçün dördmərtəbəli 44 mənzilli, beşmərtəbəli 20 mənzilli və beşmərtəbəli 110 mənzilli yaşayış binalarının tikintisinə başlanıb. Vurğulanıb ki, tikinti, təmir-bərpa işləri Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə davam etdirilir.

Sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Rayon sakini Hicran Gülməmmədova deyib: “Evim zəlzələ zamanı acınacaqlı vəziyyətə düşmüşdü. Yaşamaq mümkün deyildi. Prezident İlham Əliyev rayonumuza gələndə ondan xahiş etdik ki, evimizi təmir etdirsin. Allah ondan razı olsun ki, göstəriş verdi və tez bir zamanda evimizi tikdilər. Mən ailəmiz adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımızı bildirirəm. Onlar bizi dar günümüzdə tək qoymadılar. Həmişə olduğu kimi, yanımızda oldular”.

Dövlətimizin başçısı İlham Əliyevin Şamaxıya gələrək zəlzələdən zərərçəkənlərlə görüşünün onlarda böyük ümid yaratdığını bildirən Ellada Süleymanova deyib: “Şamaxıda baş verən zəlzələ zamanı evimiz qəzalı vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin göstərişi ilə evimiz yenidən tikilərək bizə verildi. Hazırda evimizdə şərait çox yaxşıdır”.

Mehbarə Bağırova da yaşadığı evin zəlzələdən zərər çəkdiyini bildirib: “Evimiz 1953-cü ildə tikilmişdi. Zəlzələ nəticəsində yararsız hala düşmüşdü. Sağ olsun Prezidentimiz. Göstəriş verdi və tez bir zamanda Heydər Əliyev Fondunun dəstəyi ilə evimiz yenidən tikilib bizə verildi. Evimizdə hər cür şərait yaradılıb. Buna görə dövlətimizin başçısına və birinci xanıma minnətdarlığımızı bildiririk. Onlar hər zaman vətəndaşlara qayğı ilə yanaşırlar”.

Qeyd edək ki, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında baş vermiş zəlzələnin fəsadları dövlətimizin başçısının müvafiq sərəncam və tapşırıqlarına əsasən aradan qaldırılmaqdadır.

Keçidlər