Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda keçirilən “İnnocamp” innovasiya yay düşərgəsi davam edir

31 avqust 2019 | 16:00

Şamaxıda keçirilən “İnnocamp” innovasiya yay düşərgəsi davam edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, düşərgədə cari ildə Bakı, Naxçıvan, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Sumqayıt, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay və Tovuz şəhərlərində baş tutmuş startap turlarının finalçıları iştirak edir. 18 komandanı təmsil edən 54 tələbə üçün marketinq, dizayn və təqdimatların hazırlanması üzrə təlimlərə artıq start verilib. Onlar düşərgə çərçivəsində startap ekosistemi, ideyanı biznesə çevirməyin yolları barədə məlumatlandırılacaq. Əsas məqsəd bu sahədə bilik mübadiləsi və ümumi ekosistemin formalaşdırılmasının müzakirə edilməsidir.

Bugünkü treninqlərin əsas mövzusu “Biznes bacarıqları”, “Kommunikasiya bacarıqları” olub. “Baku Psychology School”un rəhbəri Xatirə Səfərova, İqtisad Universitetinin müəllimi, “İSE Startap klubu”nun rəhbəri Turan Süleymanov, İnnovasiyalar Agentliyinin nəzdində “Barama” Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin koordinatoru İradə Məmmədova, “İNNOVA Ventures Group”un rəhbəri Vüsal Süleymanlının təqdimatında keçirilən təlimlər startapçıların xüsusi marağına səbəb oldu.

Xatırladaq ki, “İ2B-İdeyadan Biznesə” layihəsi ölkəmizdə startap hərəkatının formalaşdırılması, gənclərin biznes ideyalarına dəstək verilməsi, innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi, innovativ ideyaların reallaşdırılması, eyni zamanda, regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılması ənənələrinin formalaşdırılması məqsədilə həyata keçirilir.

Keçidlər