Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxıda I Üzüm və Şərab Festivalı çərçivəsində Azərbaycanda şərab istehsalının inkişafına dair dəyirmi masa keçirilib

30 avqust 2019 | 16:00

Avqustun 30-da Şamaxı rayonunun Meysəri kəndində I Azərbaycan Üzüm və Şərab Festivalına start verilib.

I Üzüm və Şərab Festivalı çərçivəsində ilk tədbir – dəyirmi masa təşkil olunub. Dəyirmi masada yerli şərab istehsalçıları, müvafiq dövlət qurumlarının nümayəndələri və xarici ekspertlər iştirak ediblər.

Tədbirdə ölkədə şərabçılıq sahəsində mövcud olan problemlər, inkişaf istiqamətləri və yerli şərab məhsullarının xarici bazarlara çıxışı mövzuları müzakirə olunub.

Dəyirmi masanın moderatoru, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov Azərbaycanda iqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi çərçivəsində aqrar sektorda üzümçülüyün, eyni zamanda, şərabçılığın dinamik inkişafının ölkənin əsas prioritetlərindən biri olduğunu bildirib. Qeyd edib ki, bu baxımdan 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün, eləcə də 2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair dövlət proqramları ölkəmizdə üzümçülüyə və şərabçılığa dair aqrar siyasəti formalaşdıran əsas sənədlər hesab edilir. Hazırda Azərbaycanda şərab və şərabçılıq məhsullarına tələbatın ortamüddətli perspektivdə yerli ehtiyac və ixracat imkanları nəzərə alınmaqla ödənilməsi, şərab istehsalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, müasir texnologiyalar əsasında qurulması, xammal təminatının yaxşılaşdırılması, şərabçılıq məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər həyata keçirilir.

Elçin Mədətov deyib ki, Azərbaycan böyük şərabçılıq ənənələri olan ölkədir. Bu gün əsas məsələ 70-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inkişaf etdirilən üzümçülüyün və şərabçılığın əvvəlki şöhrətini özünə qaytarmaqdır. Bunun üçün hər bir üzüm və şərab istehsalçısının üzərinə böyük məsuliyyət düşür.

Onun sözlərinə görə, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda şərab və şərabçılıq məhsullarının istehsalı 2018-ci ildə 1,6 milyon dekalitri ötüb. Bunun da 660 min dekalitri ixrac edilib. Hazırda dünyada ən çox şərab idxal edən ölkələrdən Çin və Rusiya bazarları Azərbaycan şərabı üçün potensial bazarlar kimi dəyərləndirilir. Azərbaycan bu bazarlarda rəqabətqabiliyyətlidir və həmin bazarlarda öz payını əhəmiyyətli dərəcədə artıra bilər.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və üzümçülüyün təşkili və monitorinqi şöbəsinin müdiri Tofiq Rzayev çıxış edərək deyib ki, son illərdə respublikamızda üzümçülüyə və şərabçılığa xüsusi diqqət yetirilir və bu sahənin inkişafı üçün mühüm dövlət qərarları qəbul olunur. 2011-ci ildə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, 2016-cı ildə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi” təsdiq edilib.

Ölkədə şərab istehsalının stimullaşdırılması üçün son illər bir sıra tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran T.Rzayev deyib: “Əlverişli bazar mühitinin formalaşdırılması məqsədilə “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli Fərmanı ilə şərab və şərabçılıq məhsullarının istehsalına, idxalına və satışına xüsusi icazə (lisenziya) alınması tələbi ləğv edilib. Eyni zamanda, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il tarixli Fərmana uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il tarixli qərarına əsasən ixrac olunan şərab və şərabçılıq məhsullarının qlobal rəqabət qabiliyyətinin artırılması və ixracatçıların dəstəklənməsi məqsədilə ixrac dəyərinin 6 faizi miqdarında ixrac təşviqi ödənilir”.

“2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın respublikada üzümçülük və şərabçılığın inkişafına dair dövlət siyasətini və strategiyasını formalaşdıraraq nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsini təmin edəcəyini vurğulayan nazirlik rəsmisi qeyd edib ki, qarşıda istehsal keyfiyyətinin və ixracın artırılması ilə bağlı ciddi vəzifələr və hədəflər dayanır.

“Hazırda 19 əsas istehsalçı rayon üzrə potensial məhsuldarlığın 20 faiz yüksəldilməsi, üzüm bağlarının isə 2,5 dəfə genişləndirilməsi məqsədəuyğun hesab edilir. Seçilmiş 19 rayon üzrə 18 min hektar yeni üzüm bağlarının salınması planlaşdırılır. Həmin üzümlüklərdən isə 100 sent/ha orta məhsuldarlıqla 300 min ton üzüm istehsalı gözlənilir ki, bu da hədəflənən istehsal göstəricisindən də yüksəkdir. 2018-ci ildə ölkədə üzüm ehtiyatlarının cəmi 186,1 min ton təşkil edib. Ehtiyatların 90,1 faizi və ya 167,6 min tonu ölkə daxilində istehsal olunub, 9,1 faizi və ya 16,9 min tonu idxal edilib. Ümumilikdə üzüm üzrə özünütəminetmə səviyyəsi 92,5 faizi təşkil edib. 2018-ci ildə adambaşına 10,2 kiloqram üzüm istehlak olunub”, - deyə T.Rzayev əlavə edib.

Üzümçülük və şərabçılıq sahəsində uzun illərdir İtaliyada çalışdığını və müəyyən təcrübə əldə etdiyini deyən beynəlxalq ekspert Pizzi Angelo Antonio çıxışında keyfiyyətli şərab istehsalında torpaq, üzüm sortu və texniki qulluq məsələlərinə xüsusi diqqət yetirilməsinin vacib olduğunu deyib. Onun sözlərinə görə, müasir texnologiyaların tətbiqi də bu sahənin inkişafı baxımından önəmli amildir və buna xüsusi diqqət yetirilməlidir.

Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev isə şərabçılığın inkişafı istiqamətində standartlaşma sahəsində görülən işlərdən danışıb. Bildirib ki, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın qəbulu bu sahənin inkişaf etdirilməsi ilə yanaşı, bu gün qeyri-neft sektorunun digər sahələri kimi şərab ixracının artırılmasını da başlıca vəzifə kimi qarşıya qoyur. Bu məqsədlə müasir tələblərə cavab verən mütərəqqi beynəlxalq standartların tətbiqi vacib amildir və institut da fəaliyyətini bu istiqamətdə qurub. Namiq Tağıyev yerli şərab istehsalçılarını əməkdaşlığa dəvət edib, onlara bu istiqamətdə kömək göstərməyə hazır olduqlarını bildirib.

Dəyirmi masa müzakirələrlə davam edib, təkliflər səsləndirilib.

Sonra beynəlxalq və yerli ekspertlərin iştirakı ilə şərab istehsalçılarının və somelyelərin master-klasları keçirilib.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək I Azərbaycan Üzüm və Şərab Festivalı Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.

Keçidlər